Menyu

Bu il yolka qiymətləri ucuzlaşıb? - MƏBLƏĞLƏR

Nərmin Qocamanlı
Bu il yolka qiymətləri ucuzlaşıb? - MƏBLƏĞLƏR

Yeni ilə cəmi bir ay qalır və artıq demək olar ki, hər kəs evini bəzəmək, yolka qurmaq hazırlıqlarına başlayıb. Tələbatın artdığı bu günlərdə biz də Sədərək Ticarət Mərkəzinə üz tutaraq yolka və Yeni il bəzəklərinin mövcud qiymətləri ilə maraqlandıq. Satıcıların bildirdiyinə görə, həm yolkaların, həm də oyuncaqların çeşidi əvvəlki illərlə müqayisədə daha boldur və qiymətlər də daha əlverişlidir.

Ticarət mərkəzində yerləşən "Marvel" mağazasının sahibi Laçın Ağayev Operativ Media-ya bildirib ki, hazırda mağazada 5 manatdan 750 manata qədər müxtəlif ölçü və keyfiyyətdə yolkalar satılır.

Onun sözlərinə görə, qiymətlər yolkanın növü, materialı, sıxlığı və ölçüsündən asılı olaraq dəyişir: "Alıcılar ən çox 180–270 sm aralığında olan yolkalara üstünlük verirlər".

O əlavə edib ki, ötən illə müqayisədə bu il qiymətlər daha münasibdir.Yeni ilə bir ay qalsa da, artıq tələbat var, amma yüksək satış adətən dekabrın ilk on günlüyündə qeydə alınır.

Digər satıcı Miri Mustafazadə isə bu il çeşidlərin daha bol, qiymətlərin isə daha uyğun olduğunu bildirir:

Onun sözlərinə görə, xüsusilə Yeni il oyuncaqları və bəzəklərinin qiymətləri keçən illə müqayisədə daha uyğundur və bu il vitrinlərdə əvvəlkindən daha geniş çeşid təqdim olunur. Bu isə müştərilərə həm daha çox seçim imkanı yaradır, həm də hər büdcəyə uyğun alış-veriş etməyə şərait yaradır.

Qeyd olunur ki, hazırda bazarda 3000 manata qədər satılan yolkalar mövcuddur və bu qiymət əsasən onların ölçüsü, materialı və ümumi keyfiyyət göstəriciləri ilə bağlıdır. Şaxta baba fiqurlarının qiymətləri də müxtəlifdir: ölçü, material və işlənmə keyfiyyəti artdıqca qiymət də yüksəlir. Hazırda bazarda həm 4–5 manatlıq sadə və kiçik, həm də 400–450 manatlıq böyük, keyfiyyətli və dekorativ Şaxta baba oyuncaqlarına rast gəlmək mümkündür.

Yolkaların ölçüyə görə təxmini qiymət aralıqları isə aşağıdakı kimidir: 

  • 120 m — 90–100 AZN
  • 150 m — 140–160 AZN
  • 180 m — 200–250 AZN
  • 210 m — 300–350 AZN
  • 240 m — 420–450 AZN
  • 270 m — 500–520 AZN
  • 300 m — 600–620 AZN

Qeyd edək ki, məhsulların qiyməti onların növü, keyfiyyəti, materialı və digər xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.

Əlaqəli Xəbərlər