Bakı metrosunda problem aradan qaldırılıb - YENİLƏNİB 2

“Nərimanov” elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi tam bərpa olunub. Hazırda “Bakmil” stansiyası fəaliyyətini tam bərpa edib.
Operativ Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Yaşıl və Qırmızı xətlərdə qatarlararası intervallar qrafikə uyğun bərpa edilib. Qrafik üzrə 34 cüt/saat prinsipi ilə qatarlar fəaliyyət göstərir.
Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik.
***
07:45
"Nərimanov" elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub. Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.
Bu barədə Operativ Media-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.
"Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq. Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik", - QSC-dən bildirilib.
***
07:37
"Nərimanov" elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkət intervalında gecikmələr yaşanır.
Bu barədə Operativ Media-ya Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, "Bakmil" stansiyasının fəaliyyəti məhdudlaşıb.
"Texniki xidmətlərimiz müvafiq enerji təminatının bərpası üçün operativ şəkildə iş aparır. Vəziyyət tam bərpa edildikdən sonra əlavə məlumat paylaşılacaq", - QSC-dən bildirilib.