Hotel olmayan yerləşmə vasitələrinin fəaliyyət göstərməsi üçün hüquqi tələblər nələrdir?

Son illərdə Azərbaycanda A-frame tipli kotteclər, "glampinglər" və “qonaq evləri” formatlı alternativ yerləşmə obyektlərinin sayı nəzərəçarpacaq dərəcədə artıb. Bu model həm daha aşağı maliyyətlə sürətli tikinti imkanı verir, həm də klassik otellərlə müqayisədə daha sərbəst fəaliyyət mühiti yaradır. Lakin belə obyektlərin hüquqi statusu, lisenziyalaşdırma tələbləri və normativ tənzimlənməsi məsələləri turizm bazarı üçün aktuallığını qorumaqdadır.
Bu tipli yerləşmə vasitələrinin fəaliyyət göstərməsi üçün hansı hüquqi tələblər mövcuddur?
Mövzu ilə bağlı Dövlət Turizm Agentliyindən Operativ Media-ya bildirilib ki, agentlik tərəfindən hotel olmayan yerləşmə vasitələrinin fəaliyyətinin müvafiq standartlara uyğunlaşdırılması məqsədilə AZS 906-2022 “Turizm xidmətləri: “Yerləşmə vasitələrinin təsnifatı. Minimum tələblər” adlı dövlət standartı hazırlanmışdır:
“Bu standart hotel olmayan yerləşmə vasitələri üçün də minimal tələbləri müəyyən edərək onların fəaliyyətinin müasir və beynəlxalq tələblərə uyğunlaşdırılmasına dəstək vermək məqsədini daşıyır.
Qeyd olunan standartın tətbiqi könüllüdür və sahibkarlıq subyektlərinin həmin standartlara riayət etməsi tələb kimi qoyulmamışdır. Eyni zamanda hotel olmayan yerləşmə vasitələrinin icbari sertifikatlaşdırılması tələbi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır”.
Turizm eksperti Ceyhun Aşurov isə qeyd edib ki, son illərdə Azərbaycanda alternativ yerləşmə vasitələri – "A-frame" tipli evlər, kənd evləri və "glamping" obyektləri sürətlə yayılmağa başlayıb:
“Bu obyektlərin genişlənməsinin əsas səbəblərindən biri onların fəaliyyəti üçün xüsusi lisenziya tələblərinin mövcud olmamasıdır. Hazırda yalnız “Kənd evləri” layihəsi çərçivəsində müəyyən tənzimləmə mexanizmləri tətbiq edilir, digər alternativ yerləşmə növləri isə lisenziya tələb edən kateqoriyaya daxil deyil.
İqtisadiyyat Nazirliyi və Dövlət Turizm Agentliyi bu tip istirahət məkanlarının inkişafında mühüm rol oynayır və onların fəaliyyətini dəstəkləyən normativ-hüquqi çərçivələrin formalaşdırılmasında birgə iştirak edirlər. Son dövrlərdə A-frame evlərinin, kənd evlərinin və glamping məkanlarının sayında artımın müşahidə olunması təsadüfi deyil. Bu obyektlərin əsas üstünlükləri – qısa müddətdə inşa olunması, müqayisəli olaraq aşağı maliyyət tələb etməsi və bazara daha tez daxil ola bilməsi ilə bağlıdır.
Azərbaycanda təxminən 800 otelin fəaliyyət göstərdiyini nəzərə alsaq, ölkənin yerləşmə potensialının genişləndirilməsi üçün alternativ variantlara ciddi ehtiyacın olduğu görünür. Bu baxımdan yeni yerləşmə növlərinin artması turizm bazarının inkişafına müsbət təsir göstərir, turistlər üçün daha əlverişli, sərfəli və müxtəlif istirahət imkanları yaradır.
Qanunvericiliyə əsasən, hazırda yalnız 11 və daha çox otağa malik olan рotellər “ulduz kateqoriyası” üzrə qiymətləndirmədən keçməlidir və 1-dən 5 ulduza qədər təsnif olunur. 11-dən az otağı olan obyektlər – kənd evləri, qonaq evləri, villalar və digər kiçik yerləşmə məkanları isə xüsusi lisenziya tələb etmədən fəaliyyət göstərə bilər. Bu isə turizm sektorunda daha çevik və dinamik inkişaf üçün əlverişli mühit yaradır”.