Menyu

Prezidentin Slovakiyaya səfəri əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə töhfə verəcək - RƏY

Operativ Media
Prezidentin Slovakiyaya səfəri əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə töhfə verəcək - RƏY

"Cənab Prezidentimizin Slovakiyaya səfəri hərçənd ilk rəsmi səfər olsa da, Azərbaycan–Slovakiya əlaqələri artıq kifayət qədər dinamik və intensivdir. Bu münasibətlərin əsasını beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, qarşılıqlı maraqlar və hər iki ölkənin müstəqil daxili və xarici siyasət yürütməsi təşkil edir".

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib. 

Onun sözlərinə görə, hazırda iki ölkə arasında bir çox sahələr üzrə əməkdaşlıq mövcuddur: 

“Cənab Prezidentimizin və Slovakiya rəhbərliyinin görüşləri zamanı siyasi dialoq, iqtisadi əməkdaşlıq, təhlükəsizlik məsələləri və digər istiqamətlər üzrə əhatəli müzakirələr aparılıb. Ötən il ölkələr arasında strateji əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalanmış, Slovakiya isə Azərbaycan qazını alan növbəti Avropa dövləti olmuşdur.

Hərbi-texniki əməkdaşlıq, qarşılıqlı ticarət əlaqələri, eləcə də süni intellekt imkanlarından birgə faydalanma sahəsində əməkdaşlığımız da genişlənməkdədir. Slovakiya Azərbaycanın investisiya siyasətinə maraq göstərir, birgə layihələrin həyata keçirilməsi və hazır məhsulun üçüncü ölkə bazarlarına çıxarılması məsələləri artıq ciddi şəkildə müzakirə olunur.

Humanitar sahədə əlaqələrin dərinləşdirilməsi də gündəmdədir. Tələbə mübadiləsi, elmi-texniki əməkdaşlıq, mədəniyyət sahəsində birgə layihələr və akademik tərəfdaşlıq istiqamətləri iki ölkəni daha da yaxınlaşdırır.

Aydın görünür ki, ölkələri birləşdirən yalnız coğrafi yaxınlıq deyil, qarşılıqlı hörmət, tərəfdaşlıq mədəniyyəti və əməkdaşlığa sadiqlikdir. Azərbaycan–Slovakiya münasibətləri göstərir ki, fərqli coğrafiyalarda yerləşən və müxtəlif mədəniyyətlərə malik dövlətlər də səmimi dostluq və real əməkdaşlıq nümunəsi yarada bilərlər.

Cənab Prezidentimizin Slovakiyaya səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə, əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcək”.

Əlaqəli Xəbərlər