Menyu

Azərbaycanda bakalavr üç, magistr bir ilə endiriləcək?

Ayşən Sadıxzadə
Azərbaycanda bakalavr üç, magistr bir ilə endiriləcək?

"Bu gün dünyada təhsilin müxtəlif səviyyələrinin müddətinin azaldılması ilə bağlı yeni yanaşmalar geniş müzakirə olunur. Hətta bir müddət əvvəl Türkiyədə də bəzi alimlər orta məktəbdə hazırkı qədər uzunmüddətli təhsilə ehtiyac olmadığını irəli sürdülər. Mən bu fikirlə tam razı olmasam da, ümumilikdə təhsil müddətinin qısaldılması məsələsi artıq bir çox ölkələrin gündəmindədir".

Operativ Media xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov “Xəbərimiz Var” verlişinin efirində deyib. 

Deputat sözlərinə belə davam edib: “Təsəvvür edin: bir şagird 12 il orta məktəbdə oxuyur (bizdə 11 ildir), bu beynəlxalq standartdır. Daha sonra 4 il bakalavr, 2 il magistratura təhsili alır. Bu isə insan həyatının kifayət qədər böyük bir hissəsini əhatə edir. Dünyanın bir sıra ölkələrində isə belə yanaşma formalaşıb ki, ali təhsilin 4 il davam etməsinə ehtiyac yoxdur və bu müddət 3 ilə endirilə bilər. Gürcüstanda bu model artıq tətbiq olunur və müsbət nümunə hesab edilir. Eyni məsələ magistratura səviyyəsinə də aiddir: bir çox ölkələrdə magistratura 2 il deyil, 1 il tədris olunur.

Lakin burada ən önəmli məqam bunun çox ciddi qərar olmasıdır. Bu addımı icra etmək üçün əvvəldən böyük hazırlıq aparılmalı, kredit sistemi, proqramlar, dərs yükü və digər mexanizmlər yenidən qurulmalıdır. Gürcüstan bu istiqamətdə çox ciddi addım atdı və prosesə geniş hazırlıqdan sonra keçdi. Avropanın bir çox dövlətlərində də oxşar model tətbiq edilir.

Ümumilikdə nə baş verə bilər? Düşünürəm ki, hər hansı ölkə bu prosesə başlamaq istəyirsə, ilk mərhələ kimi magistratura səviyyəsindən başlamaq daha məqsədəuyğundur. Azərbaycanın təhsil sistemi üçün də magistratura təhsilinin 2 il olmasına ehtiyacın qalmadığı qənaətindəyəm. Əgər belə bir islahat qərarı qəbul edilərsə, prosesi məhz magistraturadan başlatmaq daha doğru yanaşma ola bilər.

Bir müddət əvvəl Ali Təhsil haqqında qanun layihəsinin ilkin variantında da bu məsələlər öz əksini tapmışdı: bakalavr təhsilinin 3 il, magistratura təhsilinin isə 1 il olması nəzərdə tutulurdu.

Amma yenə də vurğulamaq istəyirəm ki, bu, bir günə verilə biləcək qərar deyil. Arxasında güclü elmi əsaslandırma, ciddi planlaşdırma və sistemli hazırlıq durmalıdır. Gürcüstanda hazırda bu sahədə müzakirələr aparılır və görünür ki, onlar bu addıma daha hazır vəziyyətdədirlər.

Təhsil sahəsində bu, tamamilə yeni yanaşmadır və həm imkanlar, həm də risklər daşıyır. Buna görə də birdən-birə bütün mərhələləri dəyişmək yox, ilk olaraq magistraturadan başlamaq daha real görünür. Ümumi qlobal tendensiyalara baxdıqda isə təhsilin müddətinin qısaldılması prosesinin getdikcə daha çox ölkədə aktuallaşdığını müşahidə edirik”.

Əlaqəli Xəbərlər