Menyu

Kirayə müqaviləsinin olmaması hansı problemlərə yol aça bilər? - Vəkil danışır

Ayşən Sadıxzadə
Kirayə müqaviləsinin olmaması hansı problemlərə yol aça bilər? - Vəkil danışır

Daşınmaz əmlakın kirayəyə verilməsi və götürülməsi praktikada tez-tez şifahi razılaşmalar əsasında həyata keçirilir. Tərəflər arasında etibar münasibətinə söykənən bu cür razılaşmalar ilkin mərhələdə rahat görünsə də, hüquqi baxımdan ciddi risklər yaradır. Yazılı müqavilənin olmaması həm kirayə verən, həm də kirayəçi üçün mübahisə yarandığı halda sübut çatışmazlığına, maliyyə itkilərinə və hüquqların müdafiəsində çətinliklərə səbəb olur. Aşağıda şifahi kirayə münasibətlərinin tərəflər üçün yaratdığı əsas risklər sistemli şəkildə izah edilir.

Mövzu ilə bağlı Operativ Media-ya vəkil Turan Abdullazadə açıqlama verib.

Vəkil mənzili kirayə verən şəxslərin üzləşdiyi risklərdən danışaraq bildirib:

Kirayə verənin riskləri

1. Əmlakın zədələnməsi və ya mənimsənilməsi
Şifahi razılaşma olduqda əmlaka dəyən ziyanın məbləğini sübut etmək çətinləşir. Məhkəmə mübahisələrində iddianın yalnız sözlə deyil, konkret sübutlarla əsaslandırılması tələb olunur.

2. Kirayə haqqının ödənilməməsi
Kirayəçi ödənişdən yayınarsa, borcun məhkəmə qaydasında tələb edilməsi çətin olur. Çünki tərəflər arasında rəsmi və yazılı razılaşma mövcud olmur.

3. Vergi öhdəliklərinin pozulması
Azərbaycan qanunvericiliyinə əsasən, kirayə verən fiziki şəxs əldə etdiyi gəlirə görə vergi ödəməlidir. Müqavilə və vergi bəyannaməsi olmadığı halda vergi orqanları tərəfindən cərimələr tətbiq edilə bilər.

Kirayəçinin riskləri

1. Əmlakın başqasına kirayə verilməsi və ya satılması
Yazılı müqavilə olmadıqda ev sahibi mənzili başqa şəxsə kirayə verə və ya sata bilər. Bu halda kirayəçi əvvəlcədən xəbərdarlıq edilmədən evdən çıxarıla bilər.

2. Ödənilmiş kirayə haqqına dair sübutun olmaması
Ev sahibi kirayə haqqının ödənilmədiyini iddia etdikdə kirayəçi bunu sübut etməkdə ciddi çətinliklərlə üzləşə bilər.

3. Əmlak sahibinin qanunsuz tələbləri
Şifahi razılaşma ev sahibinə kirayə haqqını istənilən vaxt artırmaq, qaydaları dəyişmək və ya kirayəçini çıxarmaq kimi əsassız tələblər irəli sürmək imkanı yaradır.

Hər iki tərəf üçün ortaq risklər

Hüquqi mübahisələrdə sübut çatışmazlığı
Məhkəmələr əsasən yazılı və maddi sübutlara istinad edir. Şifahi razılaşmalar, əksər hallarda, hüquqi sübut kimi qəbul edilmir.

Vəkil qeyd edib ki, praktik hüquqi təcrübədə ən çox zərər çəkən tərəf adətən kirayəçi olur. Çünki onun hüquqi təminatı zəifdir və ev sahibi istənilən vaxt şifahi razılaşmanı inkar edə bilər. Bununla belə, kirayə verənlər də vergi öhdəliklərinin pozulması və sübut təqdim etməkdə çətinliklər kimi ciddi risklərlə üzləşirlər.

Əlaqəli Xəbərlər