Menyu

Rus bölməsində oxuyan hər kəs Azərbaycan dilini öyrənməyə məcbur olacaq

Operativ Media
Rus bölməsində oxuyan hər kəs Azərbaycan dilini öyrənməyə məcbur olacaq

Xəbər verdiyimiz kimi, rusdilli məktəblərdə bir neçə fənn artıq Azərbaycan dilində tədris olunacaq. Son günlər rus bölmələrində tətbiq olunacaq yeniliklər geniş müzakirələrə səbəb olub. 

Mütəxəssislər bildirirlər ki, rusdilli məktəblərdə bəzi fənlərin birdən-birə Azərbaycan dilində tədris olunması şagirdlər üçün ilkin mərhələdə müəyyən çətinliklər yarada bilər. Lakin uzunmüddətli perspektivdə bu addım ana dilinin qorunması və cəmiyyətdə dil birliyinin güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Təhsil eksperti Elmin Nurizadə bildirib ki, rus və ingilis bölmələrində tədrisin ən ciddi problemlərindən biri də məhz ana dilinin gündəlik həyatda az istifadə olunmasıdır:

“Həm dərs prosesində, həm də ev mühitində Azərbaycan dili yetərincə işlədilmir. Halbuki dil təkcə linqvistik deyil, eyni zamanda psixoloji və mədəni dəyər daşıyıcısıdır. Dil milli şüurun formalaşmasına, vətənpərvərlik hisslərinin inkişafına və insanın öz kimliyini dərk etməsinə birbaşa təsir göstərir”.

Qeyd edək ki, hazırda Azərbaycanda təxminən 4 minə yaxın ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərin 300-dən çoxunda rus bölməsi mövcuddur. 2021-ci ilə qədər rus bölmələrində tədris demək olar ki, bütün fənlər üzrə yalnız rus dilində aparılırdı.

Vətən müharibəsindən sonra isə bu sahədə müəyyən dəyişikliklər edilib. Rus bölmələrində “Zəfər tarixi”, “Azərbaycan tarixi” və “Çağırışaqədərki hazırlıq” fənləri Azərbaycan dilində tədris olunmağa başlanıb. “Azərbaycan tarixi” fənninin ana dilimizdə keçirilməsi ilk dəfə 2023–2024-cü tədris ilində 100 orta məktəbin rus bölmələrinin 5–6-cı siniflərində tətbiq edilib.

2024–2025-ci tədris ilində isə bu fənn ölkə üzrə bütün rus bölmələrində 5-ci siniflərdə Azərbaycan dilində tədris olunub. 2025–2026-cı tədris ilindən etibarən bu təcrübənin həm 5-ci, həm də 6-cı siniflərə şamil edilməsi nəzərdə tutulur. Növbəti mərhələlərdə isə “Azərbaycan tarixi” fənninin daha yuxarı siniflərdə də ana dilimizdə tədris edilməsi planlaşdırılır.

Bununla yanaşı, rus bölmələrində digər fənlərin də Azərbaycan dilində tədrisi gündəmdədir. Elm və Təhsil Nazirliyindən bildirilib ki, hansı fənlərin bu prosesə cəlb olunacağı və onların ana dilimizdə nə vaxt tədris ediləcəyinə başlanacağı hələlik dəqiqləşdirilməyib.

Ətraflı İTV Xəbərin sujetində:

Əlaqəli Xəbərlər