Menyu

Dövlət qurumlarının vətəndaşın fərdi məlumatlarını paylaşması hansı hallarda qanunidir?

Ayşən Sadıxzadə
Dövlət qurumlarının vətəndaşın fərdi məlumatlarını paylaşması hansı hallarda qanunidir?

Fərdi məlumat şəxsin şəxsiyyətini birbaşa və ya dolayı yolla müəyyənləşdirməyə imkan verən məlumatdır. Fərdi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. 

Bu sözləri Operativ Media -ya açıqlamasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Xəyalə Məmmədova deyib. 

O bildirib ki, Azərbaycan Respublikasında fərdi məlumatlar, onların qorunması, ötürülməsi, məlumat istifadəçilərinin məsuliyyəti və məlumat tənzimləmələrinin digər aspektləri qanunlarla, xüsusən də Azərbaycan Respublikasının Fərdi məlumatlar haqqında Qanunu ilə tənzimlənir:

“Dövlət qurumları vətəndaşın fərdi məlumatlarını yalnız qanunvericiliklə müəyyən edilmiş hüquqi əsaslar olduqda və səlahiyyətləri daxilində paylaşa bilər. Qanunsuz paylaşma inzibati məsuliyyətə səbəb olur və fərdi məlumatların qorunması təmin edilməlidir. Dövlət qurumları fərdi məlumatları yalnız vətəndaşın razılığı, qanuni əsas və ya xüsusi dövlət ehtiyacları olduqda paylaşa bilər. Subyektin razılığı olmadan fərdi məlumatların verilməsinə yalnız aşağıdakı hallarda yol verilir: 
açıq kateqoriyalı fərdi məlumatlar verildikdə
konfidensial fərdi məlumatlar dövlət orqanları (qurumları)  tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda.

Fərdi məlumatların verilməsinə razılıq subyekt tərəfindən yazılı surətdə (o cümlədən Elektron Hökumət İnformasiya Sistemi üzərindən) geri çağırıla bilər. Qanunvericiliyin tələbinə əsasən, subyekt vəfat etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan edildikdə, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, habelə yetkinlik yaşına çatmadığı, özü razılıq vermək iqtidarında olmadığı hallarda bu Qanunla tələb olunan razılıq müvafiq olaraq onun vərəsələri, qanuni nümayəndələri, valideynləri və ya himayəçilərindən biri tərəfindən verilir.

Beynəlxalq müqavilələr çərçivəsində fərdi məlumatların ötürülməsi yalnız müqavilədə nəzərdə tutulan məqsəd və şərtlər daxilində mümkündür və əlavə paylaşma üçün məlumatı təqdim edən tərəfin yazılı razılığı tələb olunur”.

Əlaqəli Xəbərlər