Kommunal xərcləri necə azaltmaq olar?
“Hazırda istismar olunan qaz avadanlıqlarının böyük bir hissəsi texniki və enerji səmərəliliyi baxımından köhnəlib. Xüsusilə sovet dövründə quraşdırılmış, mövcud standartlara cavab verməyən qaz cihazlarından hələ də geniş şəkildə istifadə olunur”.
Bu sözləri Operativ Media -ya açıqlamasında kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov deyib.
O bildirib ki, bu tip avadanlıqların faydalı iş əmsalı təxminən 40–50 faizdən yuxarı deyil.
Bu da həm enerji itkilərinə, həm də əlavə qaz sərfiyyatına səbəb olur:
“Hazırkı şəraitdə həmin cihazların mərhələli şəkildə müasir, enerji səmərəli və təhlükəsizlik standartlarına cavab verən avadanlıqlarla əvəzlənməsi zəruridir.
Eyni zamanda, qazdan səmərəli istifadə yalnız avadanlıqla məhdudlaşmır. Mənzillərin istilik izolyasiyası da mühüm rol oynayır. Qapı və pəncərələrdə boşluqların olması, köhnə konstruksiyalı pəncərə çərçivələri və izolyasiya çatışmazlığı səbəbindən soyuq havanın evə daxil olması istilik itkisini artırır. Bu isə əlavə qaz sərfiyyatına və iqtisadi baxımdan səmərəsizliyə gətirib çıxarır.
Xüsusilə payız və qış mövsümündə soyuq havanın birbaşa yaşayış sahəsinə daxil olmasının qarşısını almaq üçün qapı və pəncərələrin hermetikliyinin təmin edilməsi vacibdir. Qapı açılana qədər yaşayış məkanına soyuq hava axınının məhdudlaşdırılması enerji balansının qorunması baxımından alternativsiz tədbir hesab olunur”.