“Şahdağ” Turizm Mərkəzinə 2025-ci ildə 300 mindən çox turist səfər edib
2025-ci ilin 1 yanvar-15 dekabr tarixlərində”Şahdağ” Turizm Mərkəzinə 300 mindən çox şəxs səfər edib.
Operativ Media xəbər verir ki, bunu “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov bildirib.
O, qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində qış mövsümünün sonuna qədər 2 lift bazasının və 76 ədəd qar generatorunun quraşdırılmasının, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşasının, həmçinin 150 min kubmetrlik su anbarının tikintisinin və 26 nömrəli kanat xəttinin istifadəyə verilməsinin nəzərdə tutulduğunu və bunun da gələcəkdə xizək infrastrukturunun inkişafına xidmət edəcəyini bildirib.
Son iki ildə “Şahdağ”ın təkcə istirahət mərkəzi kimi deyil, eyni zamanda yerli və beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrildiyini vurğulayan Rüstəm Nəcəfov kompleksdə müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün 500 nəfərlik FİS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) stadionunun inşa edildiyini, 2026-cı ilin qış mövsümündə “Şahdağ”ın Dağ Xizəyi üzrə Azərbaycan Çempionatına, Xizək Alpinizmi üzrə Avropa Çempionatına və Dünya Kubokuna, eləcə də “Mogul” üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.