Gələn il ev almaq istəyənlərin nəzərinə
Son dövrlər Azərbaycanda, xüsusilə də Bakıda daşınmaz əmlak bazarında canlanma müşahidə olunur. Qiymət artımları, planlaşdırılan söküntü işləri və bazarda yaranan gözləntilər əmlak sektorunu yenidən diqqət mərkəzinə gətirib. Mütəxəssislər hesab edirlər ki, bu proseslər yaxın illərdə də bazara təsir göstərəcək.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Operativ Media-ya bildirib ki, ölkədə əmlak bazarında ən son normadan çox qiymət artmı 2021-ci ildən etibarən açıq şəkildə hiss olunmağa başlayıb:
“Həmin ildən etibarən ölkədə daşınmaz əmlak bazarında müəyyən canlanma qeydə alınıb və bu tendensiya sonrakı illərdə də davam edib.
2023–2024-cü illərdə bazarda nisbətən sabit, lakin artım yönlü dinamika müşahidə olunub. 2024–2025-ci illərdə isə qiymət artımları oxşar tendensiya üzrə davam edib. Ümumilikdə, bu dövrdə əmlak bazarında qiymətlərin təxminən 5–15 faiz aralığında yüksəldiyi bildirilir.
Ən yüksək qiymət artımı Bakı şəhərində, xüsusilə paytaxtın mərkəzi və sürətlə inkişaf edən ərazilərində qeydə alınıb. Artım əsasən təklifin məhdudluğu, tikinti xərclərinin yüksəlməsi və bazarda formalaşmış gözləntilərlə əlaqələndirilir.
2026-cı ildə də əmlak bazarında kəskin dönüş gözlənilmir. Əksinə, 2024–2025-ci illərdə formalaşmış qiymət tendensiyalarının müəyyən qədər davam edəcəyi ehtimal olunur. Yəni 2026-cı il daşınmaz əmlak bazarı üçün əvvəlki illərin təsirlərinin hiss olunduğu, nisbətən stabil, lakin artım yönlü dövr kimi qiymətləndirilir”.
İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, Azərbaycanda, daha dəqiq desək Bakı şəhərində, yaxın illərdə bir sıra ərazilərdə söküntü işlərinin aparılması planlaşdırılır:
“Artıq bu istiqamətdə ilkin qərarların verildiyi bildirilir. Sözügedən proses indidən daşınmaz əmlak bazarında müəyyən gərginlik yaradıb.
Məsələ ondadır ki, Bakının müxtəlif hissələrində söküntülərin davam edəcəyi gözləntiləri bazarda təklifin azalacağı ilə bağlı narahatlıqları artırır. Bu isə əmlak bazarında qiymət artımı ehtimalını yüksəldir. Xüsusilə söküntü zonalarına yaxın ərazilərdə mənzillərə tələbin artması artıq hiss olunmaqdadır.
Söküntü prosesi geniş miqyas alarsa, bu, bazarda balansın pozulmasına və qiymətlərin ən azı qısa və orta müddətdə yüksəlməsinə səbəb ola bilər. Çünki söküntülər bir tərəfdən yaşayış fondunu azaldır, digər tərəfdən isə alternativ mənzillərə tələbi artırır.
Bu baxımdan, söküntü qərarları ilə əmlak bazarındakı qiymət dinamikası bir-biri ilə sıx bağlıdır və mövcud şəraitdə qiymət artımı ehtimalı kifayət qədər yüksək qiymətləndirilir”.