Menyu

Paytaxt və regionlar arasında kredit faizləri niyə fərqlənir? - VİDEO

Ayşən Sadıxzadə
Paytaxt və regionlar arasında kredit faizləri niyə fərqlənir? - VİDEO

Ölkədə banklar tərəfindən tətbiq olunan kredit faizləri paytaxt Bakı ilə regionlar arasında ciddi fərqlənir. Statistik göstəricilər də təsdiqləyir ki, kredit faizləri əsasən Bakıda daha aşağı, bölgələrdə isə daha yüksək olur. 

Bu barədə Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir. 

Maliyyə məsələləri üzrə ekspert İsmayıl Məmmədovun sözlərinə görə, mövcud vəziyyətin bir neçə əsas səbəbi var.

Onun fikrincə, Bakıda bank sektorunun daha aktiv olması, maliyyə dövriyyəsinin genişliyi və banklar arasında rəqabətin güclü olması faiz dərəcələrinin nisbətən aşağı saxlanmasına şərait yaradır.

Regionlarda isə iqtisadi aktivliyin məhdudluğu, kreditlərin geri qaytarılması riskinin daha yüksək qiymətləndirilməsi bankların faiz siyasətinə birbaşa təsir göstərir. 

Mərkəzi Bankın müəyyən etdiyi ümumi pul-kredit siyasəti ölkə üzrə tətbiq olunsa da, bankların daxili risk qiymətləndirmə mexanizmləri regional fərqlərin yaranmasını qaçılmaz edir.

İsmayıl Məmmədov qeyd edir ki, Bakıda aylıq gəliri olan bir şəxsə, məsələn, 10 min manat məbləğində kredit 13–14 faizlə verilə bildiyi halda, regionlarda eyni məbləğdə kredit 18–19 faizlə, bəzi hallarda isə daha yüksək faiz dərəcəsi ilə təklif olunur.

Ekspertin sözlərinə görə, bu fərqə təsir edən amillər çoxdur. Bunlara müraciət edən şəxsin işlədiyi müəssisə, gəlir mənbəyi, kredit tarixçəsi, təqdim edilən girov, bankın həmin müştərinin gələcək ödəmə imkanlarını necə qiymətləndirməsi daxildir.

Qeyd olunur ki, bu tendensiya uzun illərdir davam edir. Maliyyə inklüzivliyinin artırılması, regionlarda sahibkarlığın inkişafı və iqtisadi aktivliyin genişlənməsi gələcəkdə kredit faizləri arasındakı fərqin azalmasında əsas amillərdən biri hesab olunur.

Əlaqəli Xəbərlər