Menyu

Bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər

Ayşən Sadıxzadə
Bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi uzun illərdir müzakirə olunan plansız, sənədsiz və riskli zonalarda yerləşən tikililərin taleyini yenidən gündəmə gətirib.

Operativ Media xəbər verir ki, mövzu ilə bağlı "Xəzər Xəbər"ə danışan deputat Jalə Əliyevanın sözlərinə görə, bu proses təkcə vətəndaşlar üçün deyil, dövlət büdcəsi baxımından da müsbət nəticələr vəd edir:

"Uzun müddət sənədsiz qalan yaşayış evlərinin leqallaşdırılması prosesi birbaşa insanların sosial hüquqlarına xidmət edir. Bununla bağlı cənab Prezidentin xüsusi tapşırığının olduğunu hamımız bilirik. Normal qaydada tikilmiş, lakin bu günədək hüquqi status qazanmamış evlərlə bağlı dövlətin sadələşdirilmiş mexanizmlər üzərində işlədiyi bildirilir".

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirir ki, sənədləşdirilə biləcək evlərin sayı 500 mindən çox, hətta bəzi hesablamalara görə 600 minə yaxın ola bilər. Prosesin mərhələli şəkildə həyata keçirilməsi və ilk addımların 2026-cı ildə atılması gözlənilir.

O qeyd edir ki, bütün sənədsiz evlərin avtomatik şəkildə leqallaşdırılması mümkün deyil. Belə ki yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən, dövlət əhəmiyyətli obyektlərin mühafizə zonasında tikilən, təhlükəli və riskli ərazilərdə olan tikililər qanunvericiliyə əsasən sənədləşdirilə bilməz.

Bu hallarda ev sahiblərinə ya kompensasiya ödənilməsi, ya da alternativ yaşayış yerlərinin təklif edilməsi nəzərdə tutulur. Proses yalnız qanun çərçivəsində həyata keçirilə bilər.

Vüqar Orucun sözlərinə görə, hazırda sənədsiz evlərlə bağlı əsas problemlərdən biri kənd təsərrüfatı və ya qeyri-yaşayış təyinatlı torpaqlarda inşa edilən evlərdir. Bu məsələnin həlli üçün dünya təcrübəsində tətbiq olunan “əmlak amnistiyası” mexanizmi müzakirə olunur.

Əmlak amnistiyası dedikdə, torpaq sahəsinin təyinatının dəyişdirilməsi yolu ilə həmin ərazilərdə yerləşən evlərə çıxarış (kupça) verilməsi nəzərdə tutulur.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması sənədsiz tikililərin leqallaşdırılması, şəhərsalma nizamının bərpası, vergi bazasının genişlənməsi, vətəndaşların mülkiyyət hüquqlarının qorunması baxımından mühüm mərhələ ola bilər.

Əlaqəli Xəbərlər