“Torpaq olmazdı, əgər o adlar olmasaydı” layihəsinə yekun vurulub
Operativ Media
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Torpaq olmazdı, əgər o adlar olmasaydı” adlı layihə başa çatıb.
Operativ Media xəbər verir ki, layihə çərçivəsində keçirilmiş maarifləndirici və vətənpərvərlik istiqamətində tədbirlərdə YAP Nizami rayon təşkilatının əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları, tanınmış ictimai xadimlər və ziyalılar iştirak ediblər.
Tədbirlərdə çıxış edən natiqlər şəhid və qəhrəmanlarımızın Vətən uğrunda göstərdikləri misilsiz fədakarlıqlardan, onların həyat yolunun gənclər üçün əsl nümunə olmasından, adlarının və xatirələrinin milli yaddaşımızda əbədi yaşadılmasının vacibliyindən bəhs ediblər. Bildirilib ki, qəhrəmanların adı yaşadıqca torpaq da, dövlət də daim mövcud olacaq.
Tədbirlər interaktiv müzakirələr şəraitində davam edib, gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb, onların fikir və təəssüratları dinlənilib.
Eyni zamanda, Zəfər Muzeyinə ziyarət də təşkil olunub.
Tədbirlərdə fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.