Menyu

ADY Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə gündəlik sərnişindaşıma xidmətinə başlayıb

Operativ Media
ADY Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə gündəlik sərnişindaşıma xidmətinə başlayıb

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 12 yanvar tarixindən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə gündəlik sərnişindaşıma xidmətinə başlayıb.

ADY-dən Operativ Media-ya verilən məlumata görə, qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edir. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqədir.

Sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstərilir. Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunur. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN, Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.

Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə bilərlər.

Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verir. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər.

Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək olar.

Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında nəqliyyat əlçatanlığının artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək. Bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyat imkanlarının, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.

Əlaqəli Xəbərlər