Şimali Koreyanın sualtı qayıqdan iki “strateji qanadlı raket” atmasından dərhal sonra Cənubi Koreya və ABŞ “Azadlıq Qalxanı” adlı hərbi təlimə başlayıb.
"Operativ Media" Yonhap Agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada 11 gün davam edəcək təlimdə Şimali Koreyanın nüvə və raket təhdidlərini əks etdirən real ssenarilərin öyrəniləcəyi bildirilib.
“Bu, Şimali Koreyanın mümkün təcavüzünə qarşı Cənubi Koreyanı müdafiə etmək üçün nəzərdə tutulmuş birgə əməliyyat planına əsaslanan müdafiə təlimidir”, - deyə məlumatda bildirilir.
Təlimin həftə sonu fasiləsi olmadan davam edəcəyi vurğulanan açıqlamada bunun Cənubi Koreya və ABŞ-ın birlikdə edəcəyi ən böyük təlim olacağı bildirilib.
Bəyanatda qeyd olunub ki, “Azadlıq Qalxanı” təliminə əlavə olaraq, iki ölkə əməliyyat imkanlarını artırmaq üçün həm quruda, həm də dənizdə təxminən 20 birgə səhra təlimi keçirəcək.
Təlimlərin martın 23-dək davam etməsi planlaşdırılır.