Avtomobildə qazdan zəhərlənmə təhlükəsi: Risk yaradan əsas səbəblər açıqlandı
Ayşən Sadıxzadə

Avtomobildə qazdan zəhərlənmə halları əsasən müəyyən texniki nasazlıqlar və qeyri-münasib istifadə şəraiti zamanı baş verir.
Təhlükəsizlik eksperti Samir Nəbiyev Operativ Media-ya açıqlamasında bu risklərin hansı hallarda yarandığını izah edib.
Ekspertin sözlərinə görə, xüsusilə propan-butanla işləyən, yəni mayeləşdirilmiş qaz sistemi olan avtomobillərdə qaz sızması ciddi təhlükə mənbəyidir. Belə hallarda zəhərlənmə riski daha da artır.
Samir Nəbiyev bildirib ki, bağlı qarajlarda və ya hava dövranı olmayan qapalı məkanlarda avtomobilin işlək vəziyyətdə saxlanılması da həyati təhlükə yaradır. Bu zaman səsboğucudan çıxan tüstü qazı ətraf mühitə yayılaraq qısa müddət ərzində avtomobildə olan şəxslərin zəhərlənməsinə səbəb ola bilər.
Ekspert digər risk faktorunun köhnə avtomobillər, xüsusilə də sovet istehsalı olan nəqliyyat vasitələri ilə bağlı olduğunu qeyd edib:
“Bu tip avtomobillərdə səsboğucu və ya tüstüboğucu sistemində deşiklik, eləcə də texniki nasazlıqlar daha tez-tez baş verir. Avtomobilin döşəməsinin köhnəlməsi və tüstünü saxlamaması nəticəsində qaz birbaşa salona daxil olur. Bu isə sürücü və sərnişinlər üçün ciddi təhlükə yaradır”.
Samir Nəbiyevin sözlərinə görə, avtomobil texniki cəhətdən saz olduqda və açıq havada istifadə edildikdə qazla zəhərlənmə riski demək olar ki, yaranmır. Risk əsasən texniki problemlər və düzgün olmayan istifadə şəraiti ilə bağlıdır.
Ekspert sürücülərə avtomobillərin qaz sistemi və səsboğucu hissələrinin mütəmadi texniki baxışdan keçirilməsini, xüsusilə qapalı məkanlarda mühərriki uzun müddət işlək vəziyyətdə saxlamamağı tövsiyə edib.
