Maaşların verilmə müddəti dəyişdirilib
Operativ Media

Azərbaycanda əməkhaqqının verilməsi müddətləri ilə bağlı qanunvericiliyə dəyişiklik edilib.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. Dəyişikliklər əməkhaqqının ödəniş qaydalarının daha çevik formada tənzimlənməsini nəzərdə tutur.
Qanuna qədər mövcud olan qaydalara əsasən, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək – avans və qalan məbləğ formasında – ayda iki dəfə və 16 gündən çox olmayan fasilə ilə ödənilməli idi. Əməkhaqqısı illik dövr üçün hesablanan işçilərə isə maaş ayda bir dəfədən az olmayaraq verilirdi.
Yeni dəyişikliklərə əsasən isə əməkhaqqı işçilərə ayda ən azı bir dəfə ödənilməlidir. Bununla yanaşı, işəgötürən və işçi arasında qarşılıqlı razılıq olduğu halda, aylıq əməkhaqqının iki hissəyə bölünərək – avans və əsas məbləğ şəklində – 16 gündən çox olmayan vaxt intervalı ilə ayda iki dəfə ödənilməsi də mümkün olacaq.