Əcnəbilərin Azərbaycanda işləməsi hansı hallarda qanunidir? – Vəkildən açıqlama
Ayşən Sadıxzadə

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyəti Miqrasiya Məcəlləsi və Əmək Məcəlləsi ilə tənzimlənir. Qanunvericiliyə əsasən, ümumi qayda olaraq xarici vətəndaşların ölkə ərazisində işləməsi üçün iş icazəsinin alınması tələb olunur.
Bu barədə Operativ Media-ya açıqlamasında vəkil Aysel Əhmədova bildirib.
Onun sözlərinə görə, miqrasiya qanunvericiliyində iş icazəsinin tələb edilmədiyi hallar nəzərdə tutulsa da, praktikada tez-tez çaşqınlıq yaradan mühüm bir hüquqi məqam mövcuddur.
Vəkil qeyd edib ki, əcnəbinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnun olması, onun muzdlu əmək münasibətlərinə daxil olduğu halda iş icazəsi almaq öhdəliyini aradan qaldırmır. Qanunvericilikdə nəzərdə tutulan bu istisnalar yalnız sahibkarlıq fəaliyyətinə aiddir və haqqı ödənilən əmək münasibətlərinə şamil edilmir.
Aysel Əhmədova Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərə də diqqət çəkib. Onun sözlərinə görə, əvvəllər xarici ölkənin hüquqi şəxsi ilə bağlanmış əmək müqaviləsinin tanınması yalnız həmin müqavilə üzrə işin Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisə, filial və ya nümayəndəlikdə icra olunması halında mümkün idi.
Hazırda isə xarici ölkənin hüquqi şəxsi ilə xarici dövlətdə bağlanmış əmək müqaviləsi əsasında əcnəbinin Azərbaycan Respublikasında əmək funksiyasını yerinə yetirməsi halları da qanunvericiliklə tənzimlənir.
Vəkilin sözlərinə görə, Əmək Məcəlləsinə edilmiş digər mühüm dəyişiklik ondan ibarətdir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edildikdə onlarla müddətli əmək müqaviləsinin bağlanması qanunvericilikdə birbaşa təsbit edilib. Bu dəyişiklik əmək münasibətlərində hüquqi müəyyənliyin və şəffaflığın təmin edilməsinə xidmət edir.
İş icazəsinin alınması üçün işəgötürən tərəfindən müvafiq sənədlər və əsaslandırma arayışı Dövlət Miqrasiya Xidmətinə təqdim edilir. Arayışda işə cəlb olunacaq əcnəbinin uyğunluğunu təsdiq edən diplom, sertifikat, şəhadətnamə və digər rəsmi sənədlər, eləcə də həmin şəxsin son 5 il ərzindəki əmək fəaliyyəti barədə ətraflı məlumat yer almalıdır.