Menyu

Heyvanın vurduğu zərərə görə sahibi məsuliyyət daşıyır? - AÇIQLAMA

Ayşən Sadıxzadə
Heyvanın vurduğu zərərə görə sahibi məsuliyyət daşıyır? - AÇIQLAMA

“Mülki hüquq pozuntusu (delikt) zərərçəkənə birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq məsuliyyətin əsaslarından biri də heyvanının başqalarına vurduğu zərərlə bağlıdır.

Heyvanının başqalarına vurduğu zərərin və onun əvəzinin ödənilməsi ilə bağlı normalar Mülki Məcəllənin 1110 -cu maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir”.

Bu sözləri Operativ Media-ya açıqlamasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Xəyalə Məmmədova deyib.

O bildirib ki, həmçinin Yol hərəkəti haqqında qanunda da bu barədə normalar mövcuddur:

“Belə ki, “Yol hərəkəti haqqında” qanunun 39-cu və 47-ci maddələrinə əsasən, At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə aşağıdakılar qadağandır:

1) mal-qaranı yolda nəzarətsiz qoymaq;

2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa);

3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək. Qeyd edilən qadağaları pozanlar qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar və vurduqların ziyanın əvəzini ödəməyə borcludurlar.

Əgər heyvan sahibi zərəri könüllü ödəmə etməzsə əmlaka dəymiş ziyan rəsmiləşdirilməlidir. Əvvəlcə, zərərin məbləği müəyyən olunur və şəxs bununla bağlı müvafiq məhkəmə instansiyasına müraciət etməklə ona dəymiş zərəri heyvanın sahibindən tələb edə bilər. Zərərçəkmiş heyvan sahibinin qeydiyyatda olduğu yer üzrə məhkəməyə iddia ərizəsi ilə müraciət edilməlidir. Məhkəməyə müraciət edilərsə əmlaka dəymiş zərərin əvəzini həmçinin çəkilmiş xərclərin əvəzini heyvan sahibindən tələb etmək mümkündür”.

Əlaqəli Xəbərlər