Menyu

Avtomobil cəriməsini ödəməsəniz nə baş verir? – AÇIQLAMA

Ayşən Sadıxzadə
Avtomobil cəriməsini ödəməsəniz nə baş verir? – AÇIQLAMA

Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin vaxtında ödənilməməsi sürücülər üçün ciddi hüquqi nəticələrə səbəb ola bilər. Cərimə ballarının yığılması və inzibati cərimələrin gecikdirilməsi sonda sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması ilə nəticələnə bilər.

Bu barədə Operativ Media-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov məlumat verib.

Onun sözlərinə görə, yol hərəkəti qaydalarının pozulması nəticəsində sürücülərə tətbiq edilən cərimə balları intizam və yol təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Balların müəyyən edilmiş həddi aşması isə sürücülük hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilər.

Cərimələr necə ödənilə bilər?

Fariz Əkbərov bildirib ki, inzibati cərimələr:

 • banklar vasitəsilə,

 • onlayn ödəniş sistemləri (məsələn, asanpay.az),

 • bəzi hallarda isə yerində, protokol əsasında ödənilə bilər.

Cərimənin ödənilməsindən imtina edildikdə isə icra məmurları tərəfindən icra tədbirləri görülə bilər. Gecikmə hallarında əlavə sanksiyalar və məcburi icra tədbirləri tətbiq olunur.

Cərimə 3 ay 20 gün ərzində ödənilməzsə nə olur?

Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinə əsasən, yol polisi tərəfindən 3 ay 20 gün ərzində cərimənin ödənilmədiyi müəyyən edilərsə, barənizdə 529.3-cü maddə üzrə inzibati xəta haqqında protokol tərtib edilərək iş məhkəməyə göndərilir.

Məhkəmə cərimənin ödənilmədiyini təsdiqlədiyi halda sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edə bilər. Qeyd olunub ki, məhkəmə işi İXM-in 61.3-cü maddəsinə əsasən sürücünün iştirakı olmadan da baxa bilər.

Cəriməni sonradan ödəsəniz məsuliyyətdən azad olunursunuz

İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən, sürücü məhkəmə qərarı çıxarılana qədər:

 • cəriməni,

 • dəbbə pulunu,

 • avtomobilin duracağa aparılması və saxlanma xərclərini ödədiyi halda inzibati məsuliyyətdən azad olunur. 

Bunun üçün ödəniş qəbzləri və hüquqi əsaslar göstərilməklə ərizə ilə müraciət edilməlidir.

Avtomobil hansı hallarda cərimə meydançasına aparıla bilər?

Fariz Əkbərov İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə istinad edərək bildirib ki, DYP əməkdaşı avtomobili yalnız aşağıdakı hallarda cərimə meydançasına apara bilər:

 • sürücünün idarəetmə və ya sahiblik hüququ olmadıqda;

 • dövlət qeydiyyat nişanları olmadıqda və ya saxta olduqda;

 • mühərrik, ban və ya şassi nömrələri sənədlərə uyğun gəlmədikdə;

 • sürücü sərxoş vəziyyətdə olduqda (alternativ sürücü yoxdursa);

 • nəqliyyat vasitəsində qanunsuz avadanlıq quraşdırıldıqda;

 • xüsusi səs və işıq siqnalları olduqda (yerində aradan qaldırmaq mümkün deyilsə);

 • məhkəmə və ya icra orqanının cərimə qərarı 2 ay icra edilmədikdə.

Qeyd olunub ki, sonuncu halda cərimənin yerində ödənilməsi avtomobilin cərimə meydançasına aparılmasının qarşısını ala bilər.

Əlaqəli Xəbərlər