Menyu

Kənd Təsərrüfatı nazirinə iki yeni müavin təyin edilib

Operativ Media
Kənd Təsərrüfatı nazirinə iki yeni müavin təyin edilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.

Operativ Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncamlar imzalayıb.

Yeni müavinlər, nazirliyin Seymur Səfərli və Zaur Əliyevdir.

Seymur Səfərli bakalavr və magistr təhsilini Azərbaycan İnşaat Mühəndisləri Universitetində meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə almışdır. O, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur.

O, uzun illər kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik, suvarma və meliorasiya istiqamətləri üzrə fəaliyyət göstərmişdir. Əmək fəaliyyəti dövründə dövlət qurumlarında və aqrar sahədə müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən "Azərşəkər" MMC-də kənd təsərrüfatı üzrə rəhbər, kənd təsərrüfatı üzrə direktor və əməliyyatlar departamentinin rəhbəri vəzifələrini icra etmişdir. Bu təyinata qədər Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir.

İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Zaur Əliyev bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə almış, həmçinin Almaniyanın Vaynştefan Tətbiqi Elmlər Universitetində Biznesin təşkili və idarə edilməsi (kənd təsərrüfatı üzrə) ixtisası üzrə magistr təhsili almışdır.

O, əmək fəaliyyəti dövründə beynəlxalq və yerli layihələrdə iştirak edərək kənd təsərrüfatı sahəsində layihələrin icrası və koordinasiyası üzrə praktiki təcrübə qazanmışdır. Dövlət qurumlarında və özəl sektorda rəhbər vəzifələrdə çalışmış, o cümlədən "Yalama Aqropark" MMC-də direktor, habelə "Garant Holding"də kənd təsərrüfatı layihələri üzrə menecer vəzifələrində fəaliyyət göstərmişdir.

İngilis, alman və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Qeyd edək ki, xəbəri ilk Modern.az saytı yayıb.

Əlaqəli Xəbərlər