Bakıda tramvay şəbəkəsi yaradılır: 5 xətt və 3 depo üzrə işçi layihə bu il hazırlanacaq

Bakıda ictimai nəqliyyat infrastrukturunun inkişafı istiqamətində növbəti mühüm addım atılır. 2025-ci il ərzində paytaxtda tramvay şəbəkəsinin yaradılması ilə bağlı işçi layihənin hazırlanması planlaşdırılır.
Operativ Media xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada məlumat verib.
Nazir müavini bildirib ki, tramvay şəbəkəsinin yaradılması mərhələli şəkildə həyata keçiriləcək. İlk olaraq konseptual plan hazırlanacaq, daha sonra isə peşəkar layihələndirmə şirkəti tərəfindən bütün şəbəkəni əhatə edən layihələndirmə mərhələsinə keçiləcək. Söhbət 5 tramvay xətti və 3 depodan ibarət vahid şəbəkənin layihələndirilməsindən gedir.
Rəhman Hümmətovun sözlərinə görə, layihələndirmə mərhələsindən sonra icra prosesinə dair ümumi plan formalaşdırılacaq. Bu sahədə dünya üzrə aparıcı təcrübəyə malik şirkətlərin, o cümlədən Çin, Avropa və digər ölkələrdən olan şirkətlərin prosesdə iştirakı mümkündür. Məqsəd tam müfəssəl layihə hazırlandıqdan sonra şəffaf tender mexanizmi vasitəsilə ən uyğun təklifin seçilməsidir.
Nazir müavini onu da qeyd edib ki, layihəni icra edəcək qurumun öz maliyyə təminatı, ekspertiza imkanları və digər resurslarla çıxış etməsi də istisna edilmir. Hazırda növbəti mərhələ kimi işçi layihənin hazırlanmasına start verilib və bu işin cari il ərzində tamamlanması planlaşdırılır.
Qeyd edək ki, Bakıda tramvay şəbəkəsinin yaradılması paytaxtda ekoloji təmiz və dayanıqlı nəqliyyat modelinin formalaşmasına, eləcə də avtomobil yollarında sıxlığın azalmasına töhfə verəcək.