Menyu

Piyadalarla sürücülərə eyni anda yaşıl işığın yanması tıxac yaradır - AÇIQLAMA

Ayşən Sadıxzadə
Piyadalarla sürücülərə eyni anda yaşıl işığın yanması tıxac yaradır - AÇIQLAMA

Bakıda yol sıxlığını artıran əsas səbəblərdən biri sağa və sola dönmə olan kəsişmələrdə piyadalarla dönən avtomobillər üçün yaşıl işığın eyni anda yanmasıdır.

Bu vəziyyət həm sürücülərin hərəkətini ləngidir, həm də piyadaların təhlükəsizliyinə əlavə risk yaradır.

Paytaxtın Nərimanov rayonunda parkın yaxınlığında piyadalar üçün ayrı işıqfor fazasının tətbiqi göstərdi ki, problemin həlli mümkündür. Burada aparılan dəyişiklikdən sonra həm hərəkət axını sürətləndi, həm də tıxac əhəmiyyətli dərəcədə azaldı.

Urbanist Anar Əliyev Operativ Media-ya açıqlamasında bildirib ki, mövcud yanaşma situasiyadan və tətbiq olunan keçid modelindən çox asılıdır:

“Hazırda Bakıda bir çox kəsişmələrdə piyadalar üçün işıqforla avtomobillərin işıqforu eyni anda yanır. Qaydalara görə, avtomobillər dönərkən piyadalara və velosipedçilərə yol verməli, yalnız bundan sonra hərəkətini davam etdirməlidir. Lakin bu model son vaxtlar bir neçə konflikt yaradıb və sosial şəbəkələrdə sürücü ilə piyada arasında gərginliyi əks etdirən videolar yayılıb. Bu da göstərir ki, mövcud yanaşma hər zaman təhlükəsizliyi təmin etmir".

Anar Əliyev qeyd edib ki, dünyada piyadaların təhlükəsizliyini artırmaq üçün müxtəlif yanaşmalar tətbiq olunur:

Avropa, Türkiyə və Rusiya modeli: Piyadaların fazası avtomobillərin fazasından tam ayrılır. Əvvəlcə avtomobillər hərəkət edir, sonra piyadalar bütün istiqamətlərdə sərbəst hərəkət edir. Bu sistem təhlükəsiz olsa da, xüsusilə piyada axınının yüksək olduğu ərazilərdə yolun buraxılış qabiliyyətini azalda bilər.

ABŞ modeli (hibrit sistem): Piyadalar üçün yaşıl işıq avtomobillərdən 5–6 saniyə əvvəl yanır. Avtomobillər hələ qırmızı işıqda olduğu vaxtda piyadalar keçidə daxil olur və yolun ortasına doğru irəliləyir. Bu, sürücülərin piyadaları əvvəlcədən görməsinə və daha çevik reaksiya verməsinə imkan yaradır.

“Bakı üçün də piyadaların təhlükəsizliyini artırmaq məqsədilə hibrid modellər alternativ kimi nəzərdən keçirilə bilər”, – deyə urbanist vurğulayıb.

Əlaqəli Xəbərlər