Bakıda köhnə tikili mənzillər ucuzlaşacaq - PROQNOZ
Operativ Media

Bakıda köhnə tikili mənzillərin qiymətlərində artım tempinin qarşıdakı illərdə mərhələli şəkildə azalacağı gözlənilir.
Ekspertlərin fikrincə, bu tendensiya daşınmaz əmlak bazarında sabitləşmə mərhələsinə keçidin göstəricisidir.
Operativ Media xəbər verir ki, bu barədə Report-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ildə paytaxt üzrə köhnə mənzillərin orta çəkili qiymət artımı 9,4 faiz təşkil edib. Proqnozlara əsasən, 2026-cı ildə bu göstərici 6,5 faizə, 2027-ci ildə isə 5,2 faizə enəcək. Vüqar Oruc bildirib ki, bu dinamika əvvəlki illərlə müqayisədə bazarda daha balanslı və sabit qiymət artımı mərhələsinin formalaşdığını göstərir.
Onun fikrincə, 2026-cı ildə qiymət artımı əsasən mərkəzə yaxın və infrastruktur baxımından əlverişli rayonlarda daha yüksək olacaq. Belə ki, Səbail rayonunda qiymətlərin 8,2 faiz, Nərimanovda 7,8 faiz, Yasamalda 7,4 faiz, Xətaidə 7,2 faiz, Nəsimidə isə 6,8 faiz artacağı proqnozlaşdırılır.
Digər rayonlarda artım tempinin nisbətən zəif olacağı gözlənilir. Nizami rayonunda qiymətlərin 5,6 faiz, Binəqədidə 5,4 faiz, Suraxanıda 5,9 faiz artacağı ehtimal edilir. Sabunçu rayonunda artımın 4,2 faiz, Xəzər rayonunda 3,6 faiz, Qaradağ rayonunda 3,4 faiz, Pirallahı rayonunda isə 2,9 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Ümumilikdə, Bakı üzrə orta qiymət artımı 6,5 faiz olaraq qiymətləndirilir.
Vüqar Oruc qeyd edib ki, 2027-ci ildə qiymət artım tempinin daha da zəifləyəcəyi və bazarın sabitləşmə mərhələsinə daxil olacağı gözlənilir. Həmin il mərkəzi rayonlarda artım yenə də daha yüksək olacaq. Səbail rayonunda qiymətlərin 6,9 faiz, Yasamalda 6,1 faiz, Nəsimidə 5,7 faiz, Nərimanovda isə 5,6 faiz yüksələcəyi proqnozlaşdırılır. Şəhərin kənar ərazilərində isə artımın aşağı olacağı bildirilir. Pirallahı rayonunda qiymətlərin 4 faiz, Qaradağda 4,4 faiz, Xəzərdə isə 4,6 faiz artacağı gözlənilir.
Onun sözlərinə görə, daşınmaz əmlak bazarında qiymət artım tempinin tədricən azalması kəskin bahalaşma mərhələsinin başa çatdığını göstərir. Bu isə həm alıcılar, həm də investorlar üçün daha proqnozlaşdırıla bilən və balanslı bazar şəraiti yaradır.