Menyu

“JEK” vətəndaşdan pul tələb edə bilərmi?

Ayşən Sadıxzadə
“JEK” vətəndaşdan pul tələb edə bilərmi?
“JEK” kimi tanıdığımız mənzil-kommunal istismar sahələri keçmiş Sovet dövründə — 1959-cu ildə yaradılıb. Bu qurumun fəaliyyəti uzun müddət, yəni 1982–2009-cu illərdə qüvvədə olmuş “Azərbaycan SSR-in Mənzil Məcəlləsi” ilə tənzimlənib.

2009-cu ildə Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi ilə mənzil-istismar təsərrüfatları hüquqi baxımdan mənzil fondunun idarə olunması prosesindən kənarda qalıb. Hazırda MİS-lər şəhər və rayon icra hakimiyyətlərinin struktur bölməsi kimi fəaliyyət göstərirlər.

Bu fikirləri hüquqşünas Xanlar Sətullayev Operativ Media-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 139-cu maddəsinə əsasən, kommunal xidmətlərə görə ödənişlər yalnız qanunvericiliklə müəyyən edilmiş tariflər əsasında və həmin xidməti göstərən qurumla rəsmi müqavilə bağlandığı halda tələb oluna bilər.

Hüquqşünas qeyd edib ki, keçmiş “JEK”lərin varisi hesab olunan və hazırda MİS adlanan qurumlar vətəndaşlarla heç bir rəsmi müqavilə bağlamadan və faktiki olaraq heç bir xidmət göstərmədən ödəniş tələb edirlər ki, bu da qanunsuzdur. Onun sözlərinə görə, vətəndaşın mənzilində hər hansı problem yarandıqda, həmin problem MİS tərəfindən deyil, vətəndaşın öz hesabına dəvət etdiyi ustalar vasitəsilə aradan qaldırılır. Üstəlik, MİS-lərdə bu cür problemləri həll edə biləcək ixtisaslaşmış usta və ya fəhlələr də mövcud deyil.

Xanlar Sətullayev əlavə edib ki, bu gün MİS-lər əsasən heç bir rəsmi sənəddə nəzərdə tutulmayan “ev pulu”nun yığılması ilə məşğuldurlar. Halbuki bu ödənişlər qanuni olsaydı, digər kommunal xidmət haqları kimi elektronlaşdırılar, eyni zamanda ASAN xidmətlərdə də ayrıca bölmə kimi təqdim edilərdi. Hazırda isə MİS-lərin fəaliyyəti əsasən ev pulu yığmaq və mənzilini təmir etdirən vətəndaşlarla bağlı məsələlərə müdaxilə etməklə məhdudlaşır. Vətəndaşlar da yaxşı bilirlər ki, həyətə təmir üçün daş və ya qum gətirilən kimi “JEK” işçiləri qəfil peyda olurlar.

Bununla belə, hüquqşünas bildirib ki, digər sahələrdə olduğu kimi, bu sahədə də dövlət tərəfindən islahatlar həyata keçirilir. Belə ki, 2025-ci il dekabrın 22-də Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yerli icra hakimiyyəti başçılarının tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin işinin təkmilləşdirilməsi məqsədilə mövcud “JEK”lərin bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisəsi olan MMC yaradılacaq.

Qeyd edilib ki, yeni struktur formalaşdıqdan sonra bütün yığımlar qanuni əsaslarla həyata keçiriləcək və vətəndaşlar qaz, işıq, su və digər kommunal xidmətlərdə olduğu kimi, mənzillə bağlı ödənişləri də hara və hansı məqsədlə etdiklərini aydın şəkildə biləcəklər.

Əlaqəli Xəbərlər