İqtisadi Şuranın iclası keçirilib

30 yanvar tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə növbəti iclas keçirilib.
Nazirlər Kabinetindən Operativ Media-ya verilən məlumata görə, iclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibədən irəli gələn tapşırıqların icrası, 2025-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2026-cı il üzrə Fəaliyyət Planı, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 2025-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair Hesabat müzakirə olunub.
Bununla yanaşı, iclasda “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrup”un təqdimatı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2025-ci il üzrə Fəaliyyət Hesabatı və 2026-cı il üçün Fəaliyyət Planı, eləcə də digər aktual məsələlər ətraflı nəzərdən keçirilib.
Gündəlikdə yer alan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Natiq Əmirovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib. Müzakirələr zamanı İqtisadi Şuranın üzvləri, eləcə də ədliyyə naziri Fərid Əhmədov çıxış edərək təklif və rəylərini səsləndiriblər.
İclasın yekununda səsləndirilən rəy və təkliflər nəzərə alınmaqla müvafiq qərarlar qəbul edilib və aidiyyəti qurumlara tapşırıqlar verilib.