Menyu

Bakıda “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda görüş keçirilib

Operativ Media
Bakıda “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda görüş keçirilib

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi təşkil olunub. Tədbirin məqsədi Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, iş dünyasının aktual məsələlərinin müzakirəsi və yeni tərəfdaşlıqların qurulması olub.

Operativ Media xəbər verir ki, işgüzar səhər yeməyində Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, TÜİB-in üzvləri və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.

Çıxış edən səfir Birol Akgün Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini bildirərək, işgüzar dairələr arasında əlaqələrin genişlənməsinin qarşılıqlı investisiya mühitinə müsbət təsir göstərdiyini vurğulayıb. Səfir türk və azərbaycanlı iş adamlarının üçüncü ölkələrdə birgə fəaliyyətinin əhəmiyyətinə toxunaraq, xüsusilə Türk dünyasında geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Azərbaycanda sahibkarlığın inkişafına yönəlmiş dövlət dəstək mexanizmləri, yerli və xarici investorlar üçün mövcud imkanlar, eləcə də Agentliyin biznes ictimaiyyəti ilə əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verib.

TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat çıxışında Türkiyə–Azərbaycan iqtisadi əlaqələrinin perspektivlərinə toxunaraq, Birliyin iş adamları arasında əməkdaşlığın gücləndirilməsi, yeni biznes imkanlarının yaradılması və iki ölkə arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirdiyini bildirib.

Tədbir çərçivəsində II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun keçirilməsinə dəstək göstərən şirkətlərə təşəkkür plaketləri təqdim olunub.

İşgüzar səhər yeməyinin mühüm hissələrindən biri kimi TÜİB ilə qurumun üzvü olan “Business Service Centre” (BSC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun imzalanmasından sonra “Business Service Centre” tərəfindən “Vergilərdə dəyişikliklər” mövzusunda qısa təqdimat keçirilib. Təqdimatda vergi qanunvericiliyində baş verən son dəyişikliklər və onların sahibkarlıq fəaliyyətinə təsiri barədə ətraflı məlumat verilib.

Tədbirdə fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Fotogalereya

Əlaqəli Xəbərlər