Azərbaycan Ordusunda Gənclər Günü qeyd olunub
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.
Operativ Media xəbər verir ki, tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər Azərbaycanda Gənclər Gününün təntənəli şəkildə qeyd olunduğunu bildirərək, dövlət gənclər siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıblar. Qeyd olunub ki, bu siyasət hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bayram tədbirləri çərçivəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı mədəni proqramlarla çıxış ediblər.