Brusellyoz xəstəliyinə görə seroloji monitorinqlər keçiriləcək
Brusellyoz xəstəliyinə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə Naxçıvan da daxil olmaqla, respublikanın şəhər və rayonlarının yaşayış məntəqələrində fəaliyyət göstərən südlük təyinatlı iribuynuzlu heyvanların saxlandığı fərdi və fermer təsərrüfatlarında 2026-cı ilin 9-20 fevral tarixlərində seroloji monitorinqlər keçiriləcək.
Operativ Media-ya bu barədə AQTA-dan məlumat verilib.
Monitorinqlər çərçivəsində südlük təyinatlı iribuynuzlu heyvanlardan laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin əməkdaşlarının iştirakı nəzərdə tutulub.