Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN kodla aparılacaq
Azərbaycanda sığortaolunanların sığortaçıda uçotu yalnız fərdi identifikasiya nömrəsi (FİN) ilə aparılacaq.
Operativ Media xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara dəyişiklik təklif edilir.
Dəyişiklik layihəsi parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məlumat verilib ki, hazırda sığortaedənlər muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edərkən sosial sığorta nömrəsi (SSN) və FİN məlumatların hər ikisinin daxil etməklə əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur.
Bu səbəbdən sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif edilir. Bununla sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin ediləcək, eləcə də qurumlar arasında məlumat mübadiləsi asanlaşdırlaraq e-sistemlərin inteqrasiyası sürətlənəcək.
Beləliklə, layihənin qəbulu ilə sosial sığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi və səmərəliliyin artırılmasına imkan verəcək. Eyni zamanda, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.