İnfantinodan inqilabi təklif: Ağzını örtərək danışan futbolçular cəzalanacaq
FİFA prezidenti Canni İnfantino, "Real"ın hücumçusu Vinisius Juniora qarşı irqçi təhqirlər ətrafında yaranan qalmaqal fonunda futbol qaydalarında dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib.
Operativ Media xəbər verir ki, o, söhbət zamanı ağzını əli və ya forması ilə örtən futbolçuların meydandan qovulmasını təklif edib.
Bu təklifə fevralın 17-də Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Real" – "Benfika" matçındakı insident səbəb olub. Qoldan sonra Vinisius ağzını forması ilə örtərək danışan Portuqaliya təmsilçisinin yarımmüdafiəçisi Canluka Prestianni ilə mübahisə edib. Braziliyalı futbolçu hakimə irqçi təhqirlərə məruz qaldığı barədə şikayət edib və nəticədə oyun təxminən 10 dəqiqə dayandırılıb. Sonradan UEFA diskriminativ davranışa görə Prestiannini cavab oyunundan kənarlaşdırıb.
"Əgər oyunçu ağzını əli ilə örtərək irqçi xarakterli nəsə deyirsə, o, birmənalı olaraq meydandan qovulmalıdır. Biz belə qəbul etməliyik ki, o, deyilməməsi gərəkən bir söz işlədib, əks halda ağzını örtməyə ehtiyacı olmazdı", — deyə İnfantino "Sky News"a müsahibəsində bildirib.
Mənbənin məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) müvafiq düzəlişləri DÇ-2026-ya qədər qəbul edə bilər. İnfantino həmçinin təklif edib ki, aşkar şəkildə peşman olan və üzr istəyən oyunçuların cəzası yüngülləşdirilsin. Hazırda irqçi ifadələrə görə minimum 10 oyunluq diskvalifikasiya nəzərdə tutulur.