Premyer Liqa klubu 35 yaşlı hücumçu ilə müqaviləni uzatdı
"Brayton"un hücumçusu Denni Uelbek müqaviləsindəki müddətin daha bir mövsüm uzadılması ilə bağlı bəndi aktivləşdirib.
Operativ Media BBC-yə istinadən xəbər verir ki, yeni razılaşma 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq.
35 yaşlı ingiltərəli futbolçunun hazırkı müqaviləsinin müddəti 2025/26 mövsümünün sonunda başa çatırdı.
Uelbek 2024-cü ildə "Brayton"la iki illik yeni müqavilə imzalasa da, həmin vaxt sənəddə belə bir bəndin olduğu barədə məlumat verilməmişdi. Son vaxtlar oyunçunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik hökm sürsə də, "Mançester Yunayted" və "Arsenal"ın keçmiş hücumçusu komandada qalmağa qərar verib.
Hazırda Uelbek 30 matçda vurduğu 11 qolla komandanın ən yaxşı bombardiridir. O, sonuncu qolunu Premyer Liqanın "Nottinqem Forest"lə görüşündə (2:1) rəqib qapısından keçirib. Məhz bu cür parlaq çıxışı sayəsində təcrübəli hücumçunun dünya çempionatı ərəfəsində İngiltərə yığmasına qayıtmaq şansı yaranıb. Milli komandanın baş məşqçisi Tomas Tuxel noyabr ayındakı seçmə mərhələ oyunlarından əvvəl Uelbekin namizədliyini ciddi şəkildə nəzərdən keçirdiyini etiraf etmişdi.
"Brayton"un baş məşqçisi Fabian Hürtseler də son həftələrdə dəfələrlə Uelbeki komandada saxlamaq istədiyini bəyan etmişdi.
Xatırladaq ki, futbolçu 2020-ci ilin oktyabrında "Brayton"a qoşulub və o vaxtdan bəri meydana çıxdığı 191 matçda 48 qol vurub.