Zinəddin Zidan: "Ronaldo "Fenomen" ləqəbini tam mənası ilə doğruldurdu"
Fransalı əfsanəvi yarımmüdafiəçi və "Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan braziliyalı Ronaldo ilə birlikdə çıxış etdiyi illər barədə xatirələrini bölüşüb.
Operativ Media xəbər verir ki, "L'Equipe" nəşri Zidandan sitat gətirib.
Zidanın sözlərinə görə, o, "Fenomen" ləqəbini tamamilə layiqincə daşıyıb.
"O, əsl Fenomen idi! Bu, təkcə mənim fikrim deyil — o, bu statusu bu gün də qoruyub saxlayır. Ronaldo həqiqətən unikal idi. "Kral klubu"nun heyətində uzun müddət onunla çiyin-çiyinə oynamaq şərəfinə nail olmuşam. Ronaldo öz ləqəbinə tam mənası ilə layiq idi. O, bütün lazımi keyfiyyətlərə sahib olmaqla yanaşı, həm də inanılmaz dərəcədə müsbət və həyatsevər bir insan idi", — deyə o, qeyd edib.
Fransalı mütəxəssis braziliyalı hücumçunun gündəlik məşqlərdəki oyunundan xüsusilə təsirləndiyini qeyd edib:
"Məni ən çox heyrətləndirən onun məşqlərdə etdikləri idi. Bu, təsəvvürlərin fövqündə idi. Bəzən komanda yoldaşları sadəcə dayanıb onun hərəkətlərini izləyirdilər. Onun məşqlərdəki topla davranışı rəsmi matçlardakı qədər möhtəşəm idi", — deyə Zidan əlavə edib.
Xatırladaq ki, Ronaldo ikiqat "Qızıl top" mükafatçısıdır (1997, 2002). O, Zidanla birlikdə 2002-2006-cı illər aralığında "Real"ın şərəfini qoruyub.