Lionel Messi CIES reytinqində birinci pillədə: Argentinalı ulduz Keyn və Mbappeni qabaqladı
Operativ Media
"İnter Mayami"nin hücumçusu Lionel Messi, CIES tərəfindən 67 milli çempionat üzrə son bir ilin qol və məhsuldar ötürmə sayına görə hazırlanan reytinqdə birinci pillədə qərarlaşıb.
Operativ Media xəbər verir ki, 38 yaşlı argentinalı ulduz son 365 gün ərzində MLS-də 37 qol və 22 ötürməyə imza atıb. Siyahının ikinci pilləsində "Bavariya"nın forvardı Harri Keyn (42 qolun vurulmasında iştirak; 35+7) yer alıb. İlk beşliyə həmçinin "San-Dieqo"dan Anders Dreyer (41; 22+19), "Real"dan Kilyan Mbappe (41; 37+4) və "Bazel"dən Cerdan Şakiri (38; 19+19) daxil olublar.
Messi liqanın səviyyə əmsalının nəzərə alındığı indeks üzrə də 66,3 balla liderlik edir. Bu göstərici ilə ikinci yerdə Mbappe (65,4 bal), üçüncü yerdə isə Keyn (64,5 bal) qərarlaşıb. Onları "Bavariya"dan Maykl Olise (54,9 bal; 36) və "Benfika"dan Evanqelos Pavlidis (49,3 bal; 37) izləyir.