"Flamenqo" yeni baş məşqçisini açıqladı
"Flamenqo" klubu baş məşqçi postuna Leonardu Jardimın təyin olunduğunu rəsmən elan edib.
Operativ Media xəbər verir ki, portuqaliyalı mütəxəssis bu vəzifədə Filipe Luisi əvəzləyib. Qeyd edək ki, Luis Karioka Liqasının yarımfinalında "Madureyra" üzərində qazanılan 8:0 hesablı qələbədən sonra gözlənilmədən istefaya göndərilmişdi.
Klubun "X" sosial şəbəkəsindəki hesabında paylaşılan məlumatda deyilir: "Yeni baş məşqçi müqaviləyə qol çəkib və idman direktoru Xose Botodan komandanın müqəddəs formasını təhvil alıb!"
Jardim ilə müqavilə 2027-ci ilin dekabrına qədər imzalanıb. Onun məşqçilər korpusuna Antoniu Vieyra, Joze Barros və Dioqu Diaş daxil olublar. Yeni məşqçilər heyəti artıq komanda ilə ilk məşqinə çıxıb. Mütəxəssisin rəsmi təqdimat mərasimi isə 5 mart, cümə axşamı günü keçiriləcək.
Leonardu Jardimın son iş yeri 2025-ci ilin dekabrında ayrıldığı "Kruzeyro" klubu olub. O, karyerası ərzində "Sportinq", "Monako", "Olimpiakos", "Braqa", "Əl-Hilal" kimi tanınmış klublara da rəhbərlik edib.