Donald Tramp Ağ Evdə Messi ilə Peleni müqayisə edib
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə “İnter Mayami” klubunun şərəfinə təşkil olunmuş təntənəli qəbulda Lionel Messi ilə əl sıxışaraq, onu bütün zamanların ən böyük futbolçusu adlandırıb.
Operativ Media xəbər verir ki, dövlət başçısı tədbir iştirakçılarına müraciət edərək: “Bütün zamanların ən böyük oyunçusu kimdir – Pele, yoxsa Messi?” – deyə sual ünvanlayıb. “İnter Mayami”nin nümayəndə heyəti və mərasimdə iştirak edən jurnalistlər bir ağızdan “Messi!” cavabını veriblər. Tramp isə buna reaksiya olaraq: “Razıyam. Hesab edirəm ki, o, ən böyüyüdür”, – deyə bildirib.
Qeyd edək ki, “İnter Mayami” heyəti Ağ Evə MLS Kubokundakı çempionluq münasibətilə təşrif buyurub. Bu, Messinin ABŞ Prezidenti ilə ilk görüşüdür. Xatırladaq ki, argentinalı ulduz 2025-ci ilin yanvarında ölkəyə Co Bayden rəhbərlik etdiyi dövrdə Prezident Azadlıq Medalının təqdimetmə mərasimində iştirak edə bilməmişdi.