İkinci Liqada forma qalmaqalı: "Şəmkir" - "Xankəndi" matçı niyə baş tutmadı?
"Xankəndi" futbol klubu Azərbaycan İkinci Liqasının 17-ci turu çərçivəsində baş tutmalı olan "Şəmkir" PFK ilə oyun öncəsi yaşanmış insidentlə bağlı rəsmi məlumat yayıb.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanın keçirilməməsinə səbəb ev sahibi "Şəmkir" komandasının forma ilə bağlı yarış Əsasnaməsinin tələblərini pozması olub.
Klubun yaydığı məlumatda qeyd olunur ki, yarış qaydalarına görə, ev sahibi komanda ən azı iki gün əvvəl saat 16:00-dək rəqibə və müvafiq qurumlara hansı forma ilə meydana çıxacağı barədə məlumat verməlidir. Lakin "Şəmkir" PFK bu tələbə riayət etməyib və oyun günü stadiona yalnız bir forma dəsti ilə gəlib. "Xankəndi" klubu isə qaydalara uyğun olaraq iki fərqli rəngdə forma dəsti ilə stadiona gələrək AFFA və PFL nümayəndələri tərəfindən yoxlanışdan keçib.
Açıqlamada vurğulanır ki, problem aşkar olunduqdan sonra AFFA, PFL nümayəndələri, hakimlər və inspektorla birlikdə təcili onlayn müzakirələr aparılıb, oyunun baş tutması üçün müxtəlif variantlar nəzərdən keçirilib. Lakin "Şəmkir" təmsilçisi təklif olunan həll yollarının heç birinə məhəl qoymayaraq, müxtəlif bəhanələrlə oyuna çıxmaqdan imtina edib.
"Xankəndi" FK Peşəkar Futbol Liqasının (PFL) hadisə ilə bağlı mövqeyinə istinad edərək bildirib ki, qonaq komanda problemin yaranmasında məsuliyyət daşımamasına baxmayaraq, oyunun baş tutması üçün AFFA nümayəndəsinin bütün tələblərini yerinə yetirib.
Klub rəhbərliyi bəyan edib ki, onlar hər zaman idman prinsiplərinə və Azərbaycan futbolunun maraqlarına sadiqdirlər. Baş vermiş hadisə ilə bağlı yekun və ədalətli qərarın AFFA-nın müvafiq qurumları tərəfindən yarış qaydalarına uyğun şəkildə veriləcəyinə inandıqlarını qeyd ediblər.