AFFA Apellyasiya Arbitraj Tribunalı Kurban Berdiyevin cəzasını yüngülləşdirib
Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz” Peşəkar Futbol Klubunun Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” oyunu ilə bağlı İntizam Komitəsinin qərarından verdiyi şikayətə baxıb.
Operativ Media xəbər verir ki, Tribunalın qərarına əsasən, “Turan Tovuz”un apellyasiya şikayəti qismən təmin edilib. İntizam Komitəsinin 11 fevral 2026-cı il tarixli, baş məşqçi Kurban Berdiyevin hakimi itələməsi və təhqir etməsi səbəbindən ona 4 oyunluq cəza, kluba isə 10 000 manat cərimə tətbiq olunması barədə qərarı ləğv olunub.
Yeni qərara görə, Kurban Berdiyevin əməli İntizam Məcəlləsinin 53.1-ci maddəsinə uyğun tövsif edilib və cəza 3 oyunluq diskvalifikasiya, klubun cəriməsi isə 6000 manat məbləğinə endirilib. Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.
Maraqlı tərəflərə bu qərardan Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüquqlarının olduğu izah edilib.