Meksika millisinin qapıçısı Luis Malagon üçün DÇ-2026 bitdi
Meksika millisinin qapıçısı Luis Anhel Malaqon axill vətərinin qırılması səbəbindən 2026-cı il dünya çempionatında iştirak edə bilməyəcək.
Operativ Media ESPN-ə istinadən xəbər verir ki, o, zədəni KONKAKAF Çempionlar Kuboku çərçivəsində keçirilən "Filadelfiya" ilə matçda alıb.
Martın 11-də Meksikanın "Amerika" klubu 29 yaşlı oyunçunun tibbi müayinələrinin nəticəsini açıqlayaraq axill vətərinin qırıldığını təsdiqləyib. Qapıçı əməliyyat olunacaq və bərpa müddəti reabilitasiya prosesinin gedişatından asılı olacaq. Malaqon oyunun ilk hissəsində, rəqiblə heç bir təmas olmadan sol ayağını burub və meydanı xərəkdə tərk etməli olub. O, ölkəsinin ev sahibliyi edəcəyi dünya çempionatında əsas heyətə namizədlərdən biri hesab edilirdi.
Futbolçu sosial şəbəkə hesabında daxili ağrı və sarsıntı keçirdiyini, bu hadisənin niyə məhz onun başına gəldiyini anlamadığını qeyd edərək, hər kəsə dəstəyi üçün təşəkkür edib.
Malaqon Meksika millisinin heyətində keçirdiyi 19 matçda 14 qol buraxıb, 12 görüşdə isə qapısını toxunulmaz saxlayıb. 2026-cı il mövsümündə "Amerika" klubunda çıxdığı 26 oyunda 27 qol buraxıb, 10 matçda isə "quru oyun" nümayiş etdirib.
İndi milli komandada "bir nömrə" postuna əsas namizəd "Qvadalaxara"nın qapıçısı Raul Ranxel hesab olunur. Digər namizədlər arasında Karlos Acevedo və 40 yaşlı veteran Gilyermo Oçoa da var. "Amerika" klubunda isə Malaqonu həmin matçda əvəzləyən Rodolfo Kota əsas qapıçı funksiyasını yerinə yetirəcək.