Meyson Qrinvud Benatia ilə gərginliyə görə “Marsel”dən ayrılmağa yaxın olub
"Marsel"in hücumçusu Meyson Qrinvud 2024/2025 mövsümündə idman direktoru Mehdi Benatia ilə yaşadığı gərgin münasibətlərə görə transferə çıxarılmaq ərəfəsində olub.
Operativ Media xəbər verir ki, bu haqda "La Provence" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Benatia mövsüm boyu Qrinvudun meydandakı fədakarlığını və iş intizamını tez-tez tənqid edib. Nəşr iddia edir ki, ingilis hücumçu müdafiədə komandaya kifayət qədər kömək etmədiyi üçün transferə çıxarılmağa yaxın olub. Bu müddətdə futbolçu komandanın düşərgəsində idman direktoru ilə qarşılaşmaqdan yayınıb. Araşdırmada o dövrdə komandanın baş məşqçisi olan Roberto De Zerbinin də qısa müddətə idman direktorunun mövqeyini dəstəklədiyi və qış mövsümünün sonunda Qrinvudu ardıcıl iki matçda — "Lans" və PSJ-yə qarşı oyunlarda start heyətindən kənarda saxladığı qeyd edilir.
Lakin çox keçmədən Qrinvud əsas heyətə qayıdıb və mövsümü yüksək səviyyədə başa vurub. O, çempionatın son səkkiz matçında altı qol vurub. Bunların arasında "Marsel"ə Çempionlar Liqasına vəsiqə qazandıran "Havr"la oyundakı həlledici qol da var.
"La Provence"yə görə, mövsümün bu uğurlu finalı sonda Qrinvudun yay transfer pəncərəsində satışa çıxarılmasının qarşısını alıb.
Meyson Qrinvud 2025/2026 mövsümündə meydana çıxdığı 37 matçda 25 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun "Marsel"lə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.