Mahir Emreli: “Cəmi 5 dəqiqə oynasam belə, özümü sübut etməyə çalışıram”
Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emreli 8 ay sonra vurduğu ilk qol haqda danışıb.
Operativ Media xəbər verir ki, 28 yaşlı hücumçu 2-ci Bundesliqanın “Karlsrue” ilə oyununun (3:0) 83-cü dəqiqəsində meydana daxil olub və 90+4-cü dəqiqədə komandasının 3-cü qolunu vurub. Bu, onun "Kayzerslautern"in heyətində 2-ci Bundesliqada ilk qolu olub.
Emreli matçdan sonra "Treffpunkt-betze.de"yə açıqlamasında xoşbəxt olduğunu deyib: "Bu gün mənim üçün xüsusi oldu. Son bir neçə ay çətin bir dövr idi. Belə bir oyunda, fantastik bir atmosferdə ilk qolumu vurmaq məni çox xoşbəxt edir. Xüsusən də zədə səbəbindən uzunmüddətli fasilədən sonra. Azarkeşlər çoxlu mesaj göndərdilər və mənə inandıqlarını göstərdilər. Derbi atmosferi digər matçlardakından fərqlidir".
Hücumçu baş məşqçi Torsten Lieberxnextlə münasibətinin çox yaxşı olduğunu da bildirib: "Mən ondan daha çox oyun vaxtı qazanmaq üçün nə edə biləcəyimi soruşdum. O, məşqlərimdən razıdır. Cəmi 5 dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram".
Qeyd edək ki, Mahir Emreli bu mövsüm son dəfə ötən ilin avqustunda Almaniya Kubokunda "Kayzerslautern"in heyətində 1 qol vurmuşdu.