Eşli Koul İtaliya klubuna baş məşqçi təyin olundu
İngiltərə millisinin sabiq müdafiəçisi Eşli Koul karyerasında yeni bir səhifə açaraq, İtaliyanın "Çezena" klubuna baş məşqçi təyin edilib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 45 yaşlı mütəxəssislə imzalanan müqavilə 2026-cı ilin 30 iyun tarixinə qədər qüvvədə olacaq. Kontraktda həmçinin müddətin uzadılması ilə bağlı xüsusi bənd də yer alıb.
Xatırladaq ki, Eşli Koul məşqçilik fəaliyyətinə "Çelsi"nin gənclər komandasında başlayıb. O, daha sonra İngiltərənin əsas və gənclərdən ibarət yığmalarında, eləcə də "Everton" və "Birmingem" klublarında köməkçi məşqçi kimi təcrübə toplayıb.
Koulun yeni komandası "Çezena" hazırda İtaliya B Seriyasında mübarizə aparır. Komanda 30 turdan sonra 40 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşaraq pley-off zonasında yer almaq uğrunda mübarizəni davam etdirir.