Azərbaycan yeniyetmə cüdoçular arasında Avropa Kubokuna ev sahibliyi edəcək
Azərbaycan dördüncü dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.
Operativ Media xəbər verir ki, Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxil olan yarış 4–5 aprel tarixlərində Gəncə İdman Sarayında keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, Azərbaycan beynəlxalq cüdo yarışlarının təşkili sahəsində zəngin təcrübəyə malikdir:
“Azərbaycan uzun illərdir nüfuzlu beynəlxalq cüdo turnirlərinə uğurla ev sahibliyi edir. Bu baxımdan ölkəmiz artıq etibarlı və peşəkar təşkilatçı kimi tanınır. Cari ilin oktyabrında keçiriləcək böyüklər arasında dünya çempionatı ilə əlaqədar beynəlxalq cüdo ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönələcək. Həmin mötəbər yarışdan əvvəl yeniyetmələr arasında Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır. Artıq bu yarış üçün 13 ölkədən 210 idmançı qeydiyyatdan keçib. Göygöl və Qubadan sonra turnirin Gəncədə keçirilməsi həm regionlarda cüdonun inkişafına əlavə təkan verir, həm də yeniyetmə idmançılarımızın yüksək səviyyəli beynəlxalq rəqabət mühitində mühüm təcrübə qazanmasına şərait yaradır. Bu cür yarışların bölgələrdə təşkili cüdonun ölkə üzrə daha da kütləviləşməsinə və gələcək uğurlar üçün sağlam idman bazasının formalaşmasına xidmət edir”.
Qeyd edək ki, turnirdən sonra 6–8 aprel tarixlərində Gəncədə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.