Menyu

"Neftçi"nin baş məşqçisi: "Hakimliyin daha yaxşı olmasını istərdim, amma nə varsa, odur"

Operativ Media
"Neftçi"nin baş məşqçisi: "Hakimliyin daha yaxşı olmasını istərdim, amma nə varsa, odur"

“Neftçi”nin baş məşqçi Yuri Vernidub Ukraynanın Sport.ua saytına müsahibə verib.

Operativ Media həmin müsahibəni təqdim edir:

– Yeni şəraitə artıq öyrəşmisiniz? Azərbaycan futbolunda iş necə gedir?

Əlbəttə, öyrəşmişəm. Səhər saat yeddidə oyanıram, kofe içirəm, maşına minib bazaya gedirəm. Saat 8:00–8:30-da artıq orada oluram. Səhərdən axşama qədər vaxtımı bazada keçirirəm. Günüm futbolla bağlı olur, yalnız axşam evə qayıdıram. Azərbaycanda işim digər yerlərdə olduğu kimidir. Futbol işi hər yerdə eynidir: maraqlıdır, eyni zamanda məsuliyyətlidir və öz xüsusiyyətləri var. Hakimliyin daha yaxşı olmasını istərdim, amma nə varsa, odur. Son oyunlardan birində demək olar ki, özümü güclə saxladım və heç nə şərh etmədim. Mənim üçün ən vacibi komandamın oynamasıdır. Qalan məsələləri qoy başqaları danışsın.

– “Neftçi” ölkənin ən titullu klublarından biridir. Amma bu mövsüm çempionluq iddiası görünmür. Komandanın hədəfi nədir?

“Neftçi”yə komandanın nəticələrini yaxşılaşdırmaq və maksimum nəticə almaq üçün gəldim. Heç bir yeni futbolçu gətirmədim – əvvəlki heyətlə işləyirəm.

Deyə bilərəm ki, uşaqlar kifayət qədər yaxşı hazırlıqlıdırlar, texnikalı və sürətlidirlər. Medal şansımız hələ var, çünki qarşıda 10 oyun qalıb. Sonadək mübarizə aparacağıq. Turnir cədvəlində mümkün qədər yuxarı qalxmaq və avrokuboklara vəsiqə qazanmaq istəyirik. Gəldiyim vaxt ilk dördlükdən fərq böyük idi, indi isə azalıb. Mübarizə aparacağıq, zaman göstərəcək.

– Komandaya tez uyğunlaşa bildiniz?

Şükür Allaha, bu baxımdan hər şey yaxşıdır. Futbolçular hər şeyi başa düşür və verilən tapşırıqları yerinə yetirirlər. Onların işə yanaşması xoşuma gəlir. Mövsümün sonunda vəziyyətə baxacağıq.

– Komandada ukraynalı futbolçulardan kim var?

 Hələlik yalnız biri var. İstədiyim oyunçular buraya gəlməz – yaxşı müqavilələri və yaxşı klubları var. Təklif olunanları isə yaxşı tanıyıram, onlar mənə lazım deyil.

– Oğlunuz Vitali artıq məşqçiliyə başlayıb. Necə işləyir?

Hər şey yaxşıdır. O da “Neftçi”nin məşqçilər korpusunda çalışır və üzərinə düşən vəzifələri yerinə yetirir.

– Həyat yoldaşınız da sizinlədir?

 Bəli, Bakıda yanımdadır. Məni gözləyir, axşam yeməyi hazırlayır. Həmişə evdə nahar edirəm. Birlikdə oturub söhbət edirik, sonra dincəlirik. O da özünü burada yaxşı hiss edir. Onun üçün əsas odur ki, Bakıda sakitlik var. Fürsət tapdıqca şəhərdə gəzir, Bakı çox gözəldir.

Əlaqəli Xəbərlər