"Qalatasaray"ın zədələnən hücumçularının son vəziyyəti açıqlandı
"Qalatasaray" klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin "Liverpul" komandası ilə səfər matçında zədələnən futbolçuların sağlamlıq durumu barədə məlumat yayıb.
Operativ Media xəbər verir ki, açıqlamada Viktor Osimhenin qolunda sınıq aşkarlandığı, baş barmağından ciddi xəsarət alan Noa Lanqın isə əməliyyat olunacağı bildirilib.
Klubun rəsmi bəyanatında Osimhenin vəziyyəti ilə bağlı bu ifadələr yer alıb: "Liverpul"la səfər qarşılaşmasının ilk hissəsində qolundan zərbə alan və oyuna davam edən futbolçumuz Viktor Osimhen, fasilə zamanı aparılan yoxlanışlarda sınıq riski yarandığı üçün matçın ikinci hissəsində meydana çıxmayıb. Oyundan sonra tibbi heyətimizin nəzarəti altında xəstəxanada keçirilən müayinələr nəticəsində futbolçumuzun sağ mil sümüyündə sınıq təsbit edilib və qolu gipsə qoyulub. Cərrahi müdaxilə ilə bağlı yekun qərar yaxın günlərdə aparılacaq qiymətləndirmələrdən sonra veriləcək".
Məlumatda həmçinin qeyd olunub ki, mübarizə zamanı sağ əlinin baş barmağı reklam lövhəsi ilə maneə arasında sıxılaraq ciddi kəsik xəsarəti alan Noa Lanq Liverpulda klubun tibbi heyətinin iştirakı ilə əməliyyat olunacaq.