"Böyük Dəbilqə": Azərbaycanın daha üç cüdoçusu mübarizəyə başlayır
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin son günündə Azərbaycanın daha 3 təmsilçisi mübarizəyə qoşulacaq.
Operativ Media xəbər verir ki, kişilər arasında +100 kq çəki dərəcəsində Camal Qamzatxanov 1/8 finalda Saba Kardava (Gürcüstan) – Losseni Kone (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Eyni çəki dərəcəsində yarışan Kənan Nəsibov isə 1/8 final mərhələsində Yelaman Yerqaliyev (Qazaxıstan) – Gela Zaalişvili (Gürcüstan) qarşılaşmasının qalibi ilə qüvvəsini sınayacaq.
Qadınların mübarizəsində +78 kq çəki dərəcəsində çıxış edən Madina Kaisinova 1/8 finalda İtaliya təmsilçisi Erika Simonetti ilə qarşılaşacaq.
Turnirin təsnifat mərhələsi saat 10:30-dan etibarən “JudoTV”, final bloku isə saat 17:00-dan başlayaraq “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.