Azərbaycan sablyaçısı Dünya Kubokunda bürünc medal qazanıb
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Palina Kaspiaroviç Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun mərhələ yarışında bürünc medal qazanıb.
Federasiyadan Operativ Media-ya bildirilib ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançı qadın sablyaçıların şəxsi yarışında yarımfinala kimi irəliləməklə bürünc medalı təmin edib.
Kaspiaroviç pley-offda Özbəkistan təmsilçisi Samira Şokirova (15:6), Venesuela sablyaçısı Katerina Paredes Torres (15:11), ukraynalı Alina Komaşçuk (15:14) və ispaniyalı Araceli Navarronu (15:13) məğlub edərək ən güclü “səkkizliy”ə yüksəlib. Sablyaçı yarımfinala yüksəlmək uğurunda keçirilən qarşılaşmada neytral statusda çıxış edən Anastasiya Şorokovanı 15:10 hesabı ilə üstələyib. Palina Kaspiaroviç final uğrunda görüşdə Bolqarıstan qılıncoynadanı Yoana İliyevaya 6:15 hesabı ilə uduzub.
Uzunmüddətli zədədən sonra ilk dəfə beynəlxalq turnirdə yarışan Anna Başta əsas mərhələdə mübarizəni dayandırıb.
Səbinə Kərimova və Zərifə Hüseynova isə keçid pley-off mərhələsində çıxışını başa vurub.
Qadın sablyaçılarımız sabah komanda yarışında ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçiriləcək qarşılaşmada ABŞ yığması ilə qarşılaşacaq.