Məhsuldarlığı artırmaq üçün nələrə diqqət edilməlidir? - Fermerlərin diqqətinə
Yazın gəlişi ilə fermerlər üçün ən məsuliyyətli dövr olan əkinçilik mövsümü başlayıb. Bəzən fermerlərin etdiyi ən kiçik səhv məhsuldarlığın azalmasına gətirib çıxara bilir.
Məhsuldarlığın yaxşı olması üçün fermerlər nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Operativ Media-ya danışan Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Vüqar İskəndərov bildirib ki, kənd təsərrüfatı düzgün planlama, müşahidə və idarəetmə tələb edən kompleks bir sistemdir:
"Təcrübə göstərir ki, fermerlərin buraxdığı ən böyük səhvlər ani deyil, uzunmüddətli təsirləri ilə özünü göstərir və nəticədə məhsuldarlığın azalmasına, xərclərin artmasına səbəb olur.
Ən çox rast gəlinən problemlərdən biri torpağın analiz edilmədən istifadəsidir. Bir çox təsərrüfatlarda gübrələmə “təxmini” şəkildə aparılır. Halbuki torpağın tərkibi, pH səviyyəsi və mineral balansı nəzərə alınmadan edilən müdaxilələr torpağın məhsuldarlığını ildən-ilə zəiflədir. Bununla yanaşı, eyni bitkinin illərlə eyni sahədə əkilməsi – yəni monokultura torpağın “yorulmasına”, xəstəliklərin və zərərvericilərin artmasına gətirib çıxarır.
Digər mühüm məsələ suvarmanın düzgün təşkil edilməməsidir. Həddindən artıq suvarma kök çürüməsinə, az suvarma isə bitkinin inkişafdan qalmasına səbəb olur. Hər iki halda nəticə eynidir: aşağı məhsuldarlıq və itkilər. Bundan əlavə, keyfiyyətsiz və ya sertifikatsız toxum istifadəsi də fermerlərin tez-tez qarşılaşdığı problemlərdəndir. Belə hallarda cücərmə səviyyəsi aşağı olur və gözlənilən məhsul əldə edilmir.
Planlaşdırma mərhələsində isə bir sıra vacib detallar çox vaxt nəzərdən qaçırılır. İqlim və mövsüm risklərinin düzgün qiymətləndirilməməsi məhsulun don, quraqlıq və ya həddindən artıq yağıntı nəticəsində zərər görməsinə səbəb ola bilər. Eyni zamanda bazar araşdırmasının aparılmaması fermerləri məhsulunu sata bilməmək və ya onu dəyərindən ucuz qiymətə təklif etmək vəziyyətində qoyur. Xərclərin tam hesablanmaması və texniki resursların düzgün planlaşdırılmaması da nəticədə gizli maliyyə itkilərinə gətirib çıxarır.
Bütün bu problemlərin qarşısını almaq üçün isə mürəkkəb və bahalı həll yolları hər zaman tələb olunmur. Sadə, lakin effektiv tədbirlər böyük fərq yarada bilər. Məsələn, torpaq analizinin mütəmadi aparılması, bitki rotasiyasının tətbiqi, damcı suvarma sistemindən istifadə və yeni məhsulların əvvəlcə kiçik sahələrdə sınaqdan keçirilməsi riskləri əhəmiyyətli dərəcədə azaldır. Bundan başqa, təsərrüfat üzrə qeydlərin aparılması və zərərvericilərə qarşı erkən müdaxilə mexanizminin qurulması fermerə daha məlumatlı və çevik qərarlar verməyə imkan yaradır.
Ölkəmizdə əsasən də son illər aqrar inkişaf sahəsində kifayət qədər işlər görülür. Yeni innovativ yanaşmalar tətbiq olunur, beynəlxalq təcrübə nəzərə alınmaqla işlər görülməkdədir. Yeni çağırışlar bunu tələb edir”.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, fermerlər bəzən iqlim şəraitini və hava dəyişikliklərini düzgün qiymətləndirmir:
"Su mənbələrinin kifayət edib-etməyəcəyi əvvəlcədən hesablanmır. Həmçinin bazar tələbi araşdırılmadıqda məhsul satışı ilə bağlı çətinliklər yaranır. Əkin dövriyyəsinin planlaşdırılmaması və texnika ilə işçi qüvvəsinin vaxtında hazır olmaması da əlavə problemlər yaradır. Bu çatışmazlıqlar nəticəsində məhsul ya vaxtında yetişmir, ya da gözlənilən keyfiyyətdə olmur. Bəzən isə məhsul çox olsa da, satılmadığı üçün itkiyə səbəb olur.
Bunun qarşısını almaq üçün sadə, amma təsirli tədbirlər görmək mümkündür. Mövsüm başlamazdan əvvəl torpaq analizi aparmaq və uyğun gübrələmə planı hazırlamaq faydalıdır. Əkin dövriyyəsinə əməl etmək torpağın sağlam qalmasına kömək edir. Suvarmanı düzgün təşkil etmək, xüsusilə damcı üsulundan istifadə etmək həm suya qənaət edir, həm də məhsuldarlığı artırır. Sahəyə mütəmadi nəzarət etmək və xəstəliklərin ilk əlamətlərində tədbir görmək də vacibdir. Bundan əlavə, keyfiyyətli və yerli şəraitə uyğun toxum seçmək məhsulun uğurlu olmasına birbaşa təsir edir.
Ümumilikdə, təsərrüfatda uğur əldə etmək üçün əsas şərt əvvəlcədən düzgün plan qurmaq, prosesi daim izləmək və vaxtında müdaxilə etməkdir. Bu yanaşma həm itkiləri azaldır, həm də uzunmüddətli məhsuldarlığı təmin edir”.

