Azərbaycanda qeydiyyatdan keçirilən əsərlərin sayı artıb
Ötən il 512 müəllif-hüquq sahibinin (2024-cü ildə 346 hüquq sahibi) 900 əsəri və ifası (2024-cü ildə 660) qeydiyyatdan keçirilib.
Əqli Mülkiyyət Agentliyindən Operativ Media-ya bildirilib ki, elektron qaydada qeydiyyatdan keçirilmiş əsərlərin sayı 660 (2024-cü ildə 543), kompüter proqramlarının sayı 43 (2024-cü ildə 32), ədəbi əsərlərin sayı 370 (2024-cü ildə 197), elmi əsərlər və dərs vəsaitlərinin sayı 111 (2024-cü ildə 75), mətnli və mətnsiz musiqi əsərlərinin sayı 209 (2024-cü ildə 138) və ifaların sayı 37 olub.
Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək Agentlikdə 17 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.
Qeyd edək ki, müəllif hüquqları sahəsində mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, Agentlik tərəfindən verilən qeydiyyat haqqında şəhadətnamə məhkəmələr tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.
Xatırladaq ki, Azərbaycanda müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin könüllü qeydiyyat sistemi mövcuddur. Müəlliflər və hüquq sahibləri əsərlərini (musiqi, şeir, kitab, film, rəsm, kompüter proqramı və s.) Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə bilərlər. Bunun üçün şəxsən və ya onlayn formada Agentliyə müraciət etmək olar. Hazırda əsərin qeydiyyatını Elektron hökumət portalı vasitəsilə də etmək mümkündür. Bunun üçün müvafiq ərizə və əsərin rəqəmsal versiyası tələb olunur.